Rəsmi Bakı Fransanın Baş naziri Qabriel Attalın Azərbaycanın Ermənistanla münasibətlərinə və Qarabağdakı əməliyyatlara dair səsləndirdiyi fikirləri qətiyyətlə pislədiyini bildirib.
Qabriel Attal martın 20-də Fransanın Erməni Təşkilatlarının Əlaqələndirmə Şurasının illik tədbirində çıxışı zamanı Azərbaycanın ötən ilin sentyabrında Qarabağda keçirdiyi əməliyyatları pisləyib, "Azərbaycanın Ermənistandakı qüvvələrini işğal olunmuş mövqelərdən çıxarmasını" tələb edib və əlavə edib ki, Azərbaycan prezidenti İlham Əliyev "özü də etiraf edib ki, Azərbaycan qüvvələri Ermənistan ərazisinin bir neçə nöqtəsinə qədər irəliləyib".
Bu barədə Fransanın Le Figaro qəzeti yazır.
"Bu gün qarşıda duran məsələ Ermənistana öz müstəqilliyini, demokratiyasını, ərazisini, bir sözlə suverenliyini və ərazi bütövlüyünü qorumağa kömək etməkdir", Attal vurğulayıb.
Fransanın Baş naziri həmçinin Rusiyanı tənqid edərək, Moskvanın Qarabağda Azərbaycanın güc tətbiq etməsini pisləmədiyini vurğulayıb və Rusiyanın "sülhməramlı" adlandırılan qüvvələrinin bölgədə humanitar böhranın yaranmasına imkan verdiyini deyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə çərşənbə günü qeyd edib ki, Azərbaycan tərəfinin həyata keçirdiyi tədbirlər beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də Fransanın daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamələri ilə tam uyğun olub.
Hacızadə həmçinin "30 ilə yaxın müddətdə davam etmiş Ermənistan təcavüzünə və Azərbaycan ərazilərinin işğalına, habelə hal-hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına qarşı çıxmayan Fransanın heç bir əsas olmadan Azərbaycanı güc tətbiqində təqsirləndirməsi"ni absurd adlandırıb.
"Bir daha Fransa tərəfini öz tarixindən dərs çıxarmağa, Azərbaycanın daxili işlərinə qarışmamağa və bu cür təxribat xarakterli bəyanatlara son qoymağa çağırırıq", Azərbaycan XİN-in bəyanatında vurğulanır.
Digər tərəfdən, Ermənistanın Baş naziri Nikol Paşinyan martın 20-də Azərbaycanla Ermənistan arasında sülh razılaşmasına əsas maneə olan məsələlərdən biri olan sərhədlərin delimitasiyası və demarkasiyasına başlanıldığını bildirib.
Azərbaycan prezidenti İlham Əliyev martın 17-də NATO-nun Baş katibi Yens Stoltenberqlə Bakıda keçirdiyi mətbuat konfransında qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticəsində danışıqlar mövzusunda nəhayət nəticə əldə ediləcəyini və hazırda Ermənistanla sülh danışıqlarının fəal mərhələsində olduqlarını deyib.
Ermənistan və Azərbaycan arasında Sovet İttifaqı dağılandan bəri beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan və əhalisinin əksəriyyəti etnik ermənilərdən ibarət Qarabağ bölgəsində, o cümlədən ətraf rayonlarda son 30 ildə iki müharibə baş verib.
1994-cü ildə atəşkəs rejimi qüvvəyə mindikdə Qarabağ bölgəsi və ətrafındakı yeddi rayon Ermənistan hərbi qüvvələrinin dəstəyi ilə etnik erməni qüvvələrinin nəzarətinə keçib. 2020-ci ildə Azərbaycan Ermənistan qüvvələrinin nəzarətində olan Qarabağ bölgəsinin bir hissəsinə və ətraf rayonları geri alıb.
2023-cü ilin sentyabrında birgünlük hərbi əməliyyat nəticəsində Bakı regiona tam nəzarəti ələ keçirdikdən sonra 100 minə yaxın etnik erməni Qarabağı tərk edərək Ermənistana qaçıb.