Azərbaycana yaz fəsli gəlib. Martın 20-21-də ölkədə Novruz bayramı qeyd olunur. Nazirlər Kabinetinin qərarına əsasən martın 27-dək iş günü deyil.
Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 07.06-da daxil olub.
Məlumatda deyilir ki, şimal yarımkürəsində yaz fəsli iyunun 21-nə qədər davam edəcək. İyunun 21-i saat 00.50-də baharı yay əvəz edəcək.
Novruz bayramı Azərbaycanın dövlət bayramları sırasına daxildir və ümumxalq səviyyəsində qeyd edilir. Ölkənin bütün ərazisində bayram əhval-ruhiyyəsi var. Şəhər və kəndlərin küçələri, meydanları bayram münasibəti ilə bəzədilib. Xalq məclisləri, müsiqi günləri keçirilir, sərgilər təşkil edilib.
Azərbaycan Prezidenti İlham Əliyev bu il Novruz tonqalını Xankəndi şəhərində alovlandırıb.
Dövlət başçısının Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrikində "ədalətin bərpa edildiyi" və regional dövlətlərin Azərbaycanla "hesabalaşmalı" olduğu vurğulanıb.
2020-ci ildə 44 günlük müharibənin ardınca Azərbaycan qüvvələri Qarabağın əhəmiyyətli kəsimi və ona bitişik rayonlar üzərində nəzarəti bərpa etmişdir. Ötən ilin sentyabrında birgünlük əməliyyatın ardınca Qarabağın yerdə qalan hissəsinə nəzarət bərpa edilmiş və erməni əhalinin mütləq əksəriyyəti ərazini, o cümlədən Xankəndi şəhərini tərk etmişdir.
ABŞ Prezidentinin Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrikində isə deyilir ki, yenilənmə və düşünmə fəslini qeyd etdiyimiz bir vaxtda Amerika Birləşmiş Ştatları iki ölkə arasında tərəfdaşlığa və gələcək nəsillər üçün regionda təhlükəsizliyi təşviq edəcək, Azərbaycan və Ermənistan arasında möhkəm və ləyaqətli sülhə nail olunmasına davamlı sadiqliyini bir daha təsdiq edir.
“Bu il ərzində regional bağlılığın irəlilədilməsi və iqtisadi inkişafın genişləndirilməsi üçün Sizinlə birgə çalışmağı arzu edirəm. Novruz bayramınız mübarək!” Prezident Cozef Baydenin Azərbaycan Prezidentinə ünvanladığı təbrikdə deyilir.