Qərbi Azərbaycan vilayətinin Urmiyə və Sərdəşt şəhərlərində iki edam məhkumu qətlə yetirdikləri şəxslərin ailələri tərəfindən əffv edilərək ölüm cəzasından xilas olarkən, Qəzvində bir məhkumun edam hökmü icra edilib.
Norveçdə yerləşən İran İnsan Haqları təşkilatının (IHR) bildirdiyinə görə, əslən Şərqi Azərbaycan vilayətinin Əcəbşer şəhərindən olan Behzad Bidirəngin ölüm cəzası cümə axşamı günü səhər saatlarında Qəzvinin mərkəzi həbsxanasında tətbiq edilib.
42 yaşında və iki uşaq atası olduğu bildirilən Bidirəng narkotik maddə qaçaqmalçılığı ittihamı ilə əlaqədar edama məhkum edilib və iki il idi ki, həbsdə saxlanılırdı..
Rəsmi IRIB agentliyin yaydığı məlumata görə, “17 il əvvəl yaşanmış qətl aktı ilə əlaqədar məhkum olunan bir şəxsin edam hökmü İranın Ali Məhkəməsində təsdiq edilib və hökmün keçən həftə Urmiyə həbsxanasında tətbiq edilməsi üçün lazımi prosedurlar tamamlanıb. Ancaq, “qan sahiblərinin” (qətlə yetirilən şəxsin ailəsi) əfvi ilə hökmün icrası dayandırılıb.”
SEE ALSO: İranda yeni edam dalğası - “dövlət edamı, əhali əfvi seçir.”Agentlik Urmiyədə əfv edilərək edam cəzasından qurtulan məhkumun kimliyini S. R. olaraq açıqlayıb.
Dövlət agentliyi IRNA isə Qərbi Azərbaycan vilayətinin Sərdəşt şəhərində bir qadın məhkumun əfv edilərək ölüm cəzasından qurtulduğunu bildirib. Kimliyi G. A. olaraq açıqlanan qadın təqribən 4 ildir həbsxanada saxlanılır.
İranda qətl ittihamı ilə edama məhkum olunanlar qətlə yetirdikləri şəxsin ailəsini diyə almağa razı etdikləri təqdirdə ölüm cəzasından qurtula bilirlər. Son möhlətə qədər diyə məbləğini hazırlaya bilməyən məhkumların ölüm cəzası tətbiq edilir. “Diyə” şəriət qanunlarına görə hesablanan təzminat növüdür.