Toplum TV-nin hüquqi təsisçisi Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli Amerikanın Səsinə müsahibəsində onun sağlamlıq durumu və həbsi barədə danışıb.
Amerikanın Səsi: İlk öncə qardaşınız Ələsgər Məmmədlinin səhhəti ilə bağlı məlumat verməyinizi xahiş edirəm. Hazırda müayinəsi və müalicəsi aparılırmı, həkim nəzarəti varmı?
Nəsimi Məmmədli: Ələsgər bəyə hazırda heç bir həkim nəzarəti yoxdur. Eyni zamanda müayinə və müalicəsi ilə bağlı konkret addım atılmayıb. Düzdür müayinədən dərhal sonra həkim onun üçün müəyyən etdiyi dərmanları, həbləri biz vəkil vasitəsilə məhkəmədə ona çatdırmışıq. Amma bilmirik o dərmanlardan istifadə edir ya yox. Bununla bağlı əlimizdə hələ ki, təfərrüatlı məlumatlar yoxdur. Yeri gəlmişkən onu da qeyd edim ki, Ələsgər bəyin səhhətindəki problemi biz onun həbsindən bir saat əvvəl öyrənə bilmişik. O mənə klinakadan zəng etmişdi ki, səhhətində problemlər var. Biz heç kimə demədən bunun təcili müalicəsinə başlanması ilə bağlı razılaşdıq. Bir saat sonra onun telefonuna zəng çatmadı. Məlum oldu ki, onu saxlayıblar. Faktiki olaraq biopsiya analizləri götürülməlidir. Bunun bədənin üç yerində şişlər aşkar edilib. Ələsgər bəy həkimə ona görə getdi ki, faktiki olaraq özündə ciddi narahatlıqlar hiss etdi. Ona görə də dövlət qurumlarının bu istiqamətdə addım atmasını gözləyirik. Çünki Ələsgər bəyin həyatı həqiqətən təhlükədədir.
Amerikanın Səsi: Qardaşınızla görüşə və telefon əlaqəsinə imkan yaradılırmı?
Nəsimi Məmmədli: Görüşə heç bir şərait yaradılmır. Sadəcə məhkəmənin gedişində vəkil görüşə bilib. Orada da bizə ciddi bir sifariş göndərə bilmədi. Bakı İstintaq Təcridxanasına aparılandan sonra ailəsinə zəng edib orada olduğunu, saxlanma şəraitindən narazı olmadığını, eyni zamanda ona lazım olan paltar və isti geyimlər, qida və lazım olan sovqatın gətirilməsi üçün imkanlar olduğunu bildirdi. Biz də bazar günü onu aparıb çatdırdıq. Amma özü ilə görüşə bilmədik.
Your browser doesn’t support HTML5
Amerikanın Səsi: Ələsgər Məmmədlinin həbsi və ona verilən ittihama ailənizin münasibəti necədir?
Nəsimi Məmmədli: Ələsgər bəyin həbsi ailəmiz üçün çox gözlənilməz oldu. O hüquq adamıdır. Heç bir halda qanunsuz hər hansı əmələ nəinki özü imza atar, eyni zamanda o davamlı olaraq həmişə bizi də çəkindirirdi ki, qanunsuz təşəbbüslər etməyək. Bu qədər dürüst bir adamın həbsi əlbəttə ailəmizdə çox ciddi gərginlik yaradıb. Xüsusilə səksən yaşını keçmiş anamızın bununla bağlı səhhətində çox ciddi problemlər yaranıb. Ələsgər bəy təkcə ailəmizin üzvü deyil, bütün Azərbaycan cəmiyyətinin hörmət edilən çox dürüst və vicdanlı bir insanıdır.
Amerikanın Səsi: Qardaşınızın ictimai müdafiəsi ilə bağlı görülən işlər barədə nə deyə bilərsiniz?
Nəsimi Məmmədli: Əslində ictimai hər hansı bir kampaniyanın aparılması ilə bağlı özümüzün birbaşa təşəbbüsü yoxdur. Amma Ələsgər bəy ictimai bir xadimdir. Onu Azərbaycan cəmiyyəti tanıyır. Siyasi qüvvələr, ictimai xadimlər, ayrı-ayrı ziyalılar bununla bağlı sosial şəbəkələr üzərindən müəyyən kampaniyalar aparır. Sözün doğrusu biz onun hələ hüquqi məsələləri və müalicəsi ilə bağlı daha çox məşğul olduğumuza görə ictimai kampaniya haqqında düşünə bilməmişik. Amma ictimaiyyətdə xeyli dərəcədə Ələsgər Məmmədlinin müdafiəsi ilə bağlı proseslər gedir. Bu proseslər mən düşünürəm ki, kifayət qədər yüksək səviyyədə aparılır. Prosesdə iştirak edən hər bir kəsə ailəmiz adından təşəkkür edirik. Deyilən sözlər olduqca səmimidir. Ələsgər bəyin özü üçün də bir mənəvi dəstəkdir. Dövlət qurumları ilə bağlı hələ ailəmiz adından konkret heç bir müraciət olunmayıb. Amma belə müraciətləri etməyi düşünürük. Hələlik məsələ ilə bağlı apellyasiya şikayəti verilib. Bu şikayətin nəticəsini gözləyirik. Ümid edirik ki, dövlət qurumları bu yanlışı düzəldəcək. Əgər Ələsgər bəyin əməlində hər hansı hüquqa zidd addım varsa biz etiraz etmirik. Bu araşdırılmalıdır. Amma Ələsgər bəyin səhhəti onun həyatı üçün təhlükə yaradır, qərar vermiş insanlar onu bilməlidir ki, bu artıq dövlətçi yanaşma deyil, bu bir düşmənçilik münasibətidir.
Qeyd: Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi Amerikanın Səsinin Ələsgər Məmmədlinin sağlamlıq durumu ilə bağlı sorğusuna hələ cavab verməyib.