Siyasi fəal Babək Çələbiyanlı Amerikanın Səsinə müsahibədə İrandakı 1 mart seçkilərində seçici fəallığın rekord səviyyədə aşağı olduğunu xalqın tamamən İran İslam Respublikası hakimiyyətindən üz çevirdiyi anlamına gəldiyini vurğulayıb.
Your browser doesn’t support HTML5
Babək Çələbiyanlının sözlərinə görə, “bu seçkilərdə İslam Cümhuriyyəti tarixində əhalinin ən düşük səviyyədə iştirakına şahid olduq. Bu da göstərir ki, İran xalqı öz ümidini itirib və artıq inanmır ki, seçkilər vasitəsi ilə İranın taleyi və xalqın öz gələcyi ilə bağlı bir dəyişiklik olsun. Onun üçün xalq günü-gündən bu rejimdən üz çevirir.”
O, hökümətin seçici fəallığını yüksəltmək yönündə propaqanda və taktikalarının nəticə vermədiyini deyib:
“Əli Xameneyi dəfələrlə bu seçkilərin çox önəmli olduğunu vurğuladı və İran televiziyası və mediasında da çox propaqanda getdi. Bütün imkanlara əl atdılar, fərqli metodlarla insanları sandıq başına çəkməyə çalışdılar. Hətta ölkə daxilində etnik konfliktdən də öz mənfəətlərinə faydalanaraq insanları sandıq başına getməyə bir cür təhrik və təşviq etməyə çalışdılar. Amma nəticə etibarı ilə gördük ki, seçkilər çox aşağı iştirakçı səviyyəsi ilə başa çatdı.”
SEE ALSO: Rza Talibi: İranda son seçkilər post-Xameneyi dövrünə hazırlıq prosesinin bir hissəsi idiÇələbiyanlı parlament və ekspertlər məclisi seçkilərində namizədliyini irəli sürmüş çox sayda tanınmış siyasətçinin diskvalifikasiya edilməsinə işarə edərək deyib ki, “rejimin perspektivindən baxdığımızda görürük ki, namizədlər Konstitusiyanı Qoruma Şurasının filterindən keçirilir və ələnir. ‘Vilayət Fəqih’ (ali dini lider) ilə heç bir problemi olmayan insanlar filterdən keçə bilir və öz namizədliklərini irəli sürə bilirlər. Yəni, saxtakarlıq başda baş verir və ondan sonra rejim üçün çox önəmli olmur hansı şəxs çıxsın. Çünki, o süzgəcdən keçən adamların hamısı rejimin adamlarıdır.”
Bəzi ekspertlər son seçkilərdə Parlament və Ekspertlər (Xübrələr) Məclisinin tərkibinin hakimiyyətin istədiyi kimi formalaşdığını önə çəkir və post-Xameneyi dövrünə hazırlıq prosesində hakimiyyətin işinin rahatlaşdığını ifadə edirlər.
SEE ALSO: İranda rekord aşağı seçici fəallığı fonunda keçirilən parlament seçkilərində sərt-xətt tərəfdarları üstünlük təşkil edirBabək Çələbiyanlının sözlərinə görə, “İndi Əli Xameneyinin yerinə gələcək şəxs haqqında çox danışılır. Onun yaşını nəzərdə tutduğumuzda rejim baxımından olası bir şeydir. Onlar da daşınıb düşünürlər ki, Xameneyidən sonra onun yerinə kim oturacaq. Bu mənada həm Xübrələr Məclisi həm də İslami Şura Məclisinin (İran Parlamenti) tərkibi rejim üçün çox önəmlidir. Buna görə, hər hansı şəxs ki, alternativ olma və ya bir güc nöqtəsinə çevrilmə ehtimalı var, Xameneyi onu kənara qoyur. Keçmiş prezidentlərin vəziyyətinə baxsaq, məsələn Xatəmi indi ev həbsində deyil, amma evindən çıxıb da fəaliyyət edə bilmir. Keçən seçkilərdə Əhmədinejad, bu dəfə də Həsən Ruhani Konstitusiyanı Qoruma Şurasının filterindən keçə bilmədilər. Demək ki, Xameneyi və ya əslində onun oğlu Müctəba Xameneyi öz gələcəyini dizayn edir. Elə qurğulayırlar ki, parlamentdə və ya Xübrələr Məclisində ona qarşı hər hansı bir etiraz olmasın.”
Çələbiyanlı bütün hazırlıqlara baxmayaraq, post-Xameneyi dönəmə keçidin heç də rahat olamaycağını vurğulayır. O hesab edir ki, hakimiyyət kağız üstündə istədiyinə çatsa da, Xameneyidən sonra gələcək ali dini liderin Xameneyi kimi bütün güc mərkəzləri üzərində hegemonluq qurması rahat olmayacaq.