Təbriz Qeydiyyat İdarəsi "Selin" adına şəxsiyyət vəsiqəsi vermir

Iran şəxsiyyət vəsiqəsi

İranda yaşayan azərbaycanlı ailə, Qeydiyyat İdarəsi övladlarına türkcə olan Selin adında şəxsiyyət vəsiqəsi vermədiyi üçün məhkəməyə şikayət edib.

Selinin atası Sabir Ahəni məhkəməyə şikayətinin şəklini öz şəxsi Instagram səhifəsində paylaşıb.

Selin mart ayının ikinci günü doğulub. Onun atası sosial media hesabında paylaşdığı qeyddə Təbrizdə Qeydiyyat Şöbəsinə müraciət etdiyi zaman məmurun ona “türkcə adların əksəriyyətinə” şəxsiyyət vəsiqəsi verilmədiyini dediyini vurğulayıb.

Ahəni övladına türkcə adla şəxsiyyət vəsiqəsi almağa o qədər də ümidinin olmadığını, lakin son cəhd olaraq məhkəmənin ədalətli hökm çıxarması ümidi ilə Qeydiyyat İdarəsi ilə bağlı şikayət ərizəsi yazdığını bildirib.

Qeydiyyat İdarəsi bir çox türk adına qarşı çıxmaqla yanaşı, ərəb əlifbasında orfoqrafiya qaydaları farscadan fərqli olan bəzi türk adlarını da rədd edir.

İranda əksər türk adları təsdiq edilmiş adlar siyahısında yer almadığı üçün, onların qeydiyyata alınmaması bir çox ailənin probleminə çevrilib.

SEE ALSO: Şərqi Azərbaycan vilayətində populyar adlar siyahısında türk adlar var

Ailələr seçdikləri adla şəxsiyyət vəsiqəsi almaqda israrlı olduğu halda məhkəməyə şikayət etmək məcburiyyətində qalır. Bəzi hallarda məhkəmə ailələrin lehinə qərar çıxararaq, Qeydiyyat İdarəsini şəxsiyyət vəsiqəsi verməyə məcbur edir. Lakin bir çox hallarda da məhkəmə ailələrin şikayətini təmin etmir.

Uşaqların ad və şəxsiyyəti təsdiq edən sənədə sahib olmaq hüququ İranda bəzi məhdudiyyətlərlə pozulur.

Hökumət valideynlərin övladlarına ad seçiminə müəyyən məhdudiyyətlər qoymaqla ailələrin bu məsələdə sərbəst qərar vermək hüququnu pozur. Bu vəziyyət uşaq hüquqlarına hörmətlə yanaşılması və ailələrin öz mədəni üstünlüklərinə uyğun ad seçmək azadlığından istifadə etmələri baxımından problem yaradır.