Aİ rusiyalı hüquq müdafiəçisi Oleq Orlovun həbsini pisləyib

Russia Crackdown

Avropa İttifaqı rusiyalı insan hüquqları müdafiəçisi, Memorial insan hüquqları təşkilatının həmsədri Oleq Orlovun “siyasi motivli ittihamlarla” 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsindən “dəhşətə gəldiyini” bildirib.

“Orlov heç bir cinayət və ya hüquq pozuntusu törətməyib, o, öz konstitusiyon hüququndan istifadə edərək hökumətin siyasəti ilə bağlı öz fikirlərini və baxışlarını bildirib. Bu hökm Rusiya qanunvericiliyinə və Rusiya Konstitusiyasına ziddir və açıq şəkildə siyasi motivlidir”, Aİ sözçüsü Peter Stano fevralın 27-də yaydığı bəyanatında qeyd edib.

Aİ Rusiya hakimiyyətini bütün siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməyə, vətəndaş cəmiyyətini və müstəqil səsləri boğmağa yönəlmiş repressiv qanunvericilikdən əl çəkməyə çağırıb. Aİ həmçinin Rusiyanın Ukraynadakı müharibəsinə qarşı çıxan rusiyalılarla həmrəy olduğunu bildirib.

Nobel sülh mükafatı laureatı Oleq Orlov fevralın 27-də Rusiya ordusunu nüfuzdan salmaqda ittiham edilərək 2 il 6 ay müddətinə həbsə məhkum edilib.

Oleq Orlov 2022-ci ildə Fransanın “Mediapart” onlayn nəşrində dərc edilən “Onlar faşizm istəyirdilər, əldə etdilər” başlıqlı yazısında Rusiyanın Ukraynada müharibəsini tənqid edib, Rusiyanın Putinin liderliyi altında “faşizmə sürükləndiyini və Rusiya ordusunun Ukraynada mümkün qələbəsinin Rusiyada faşizmi qoruyacağını” vurğulayıb. Hüquq müdafiəçisi yazının rus dilində tərcüməsini şəxsi Facebook səhifəsində də paylaşıb.

Ötən ilin oktyabrında bu yazıya görə açılan ilk işdə Orlov məhkəmə tərəfindən 150 min rubl cərimələnsə də, ittiham tərəfi işin yenidən açılmasına nail olub və məhkəmədən hüquq müdafiəçisinin 2 il 11 ay müddətinə həbs edilməsini istəyib.

Orlov məhkəmədəki son sözlərində heç bir cinayət törətmədiyini, mövcud hakimiyyətin “Rusiyanı geriyə, distopiyaya sürüklədiyini” vurğulayıb.

Memorial Orlovun “ucadan həqiqəti dediyi üçün” həbs edildiyini, “cinayətinin” Kremlin Ukraynaya qarşı müharibəsinə və Rusiya daxilində siyasi repressiyaların güclənməsinə etiraz etməsi olduğunu qeyd edib.

Aİ ilə yanaşı Avropa Şurası, AŞPA və çoxsaylı beynəlxalq təşkilatlar, habelə ABŞ, Fransa, Norveç, İsveç və digər bir sıra ölkələr Oleq Orlovun həbsini pisləyiblər.

ABŞ-ın Rusiyadakı səfiri Linn Treysi Kremlin rusiyalıların konstitusiya ilə təmin edilmiş hüquqlarını boğmaqla ölkəni qaranlığa sürüklədiyini deyib.

“Oleq Orlov 45 ildən artıqdır ki, rusiyalıların hüquqları uğrunda şəxsən mübarizə aparır. Əvvəlki dövrlərdə onun səyləri ən yüksək səviyyədə qiymətləndirilib. İndiki Rusiyada o, buna görə həbsə atılır. Kremlin rusiyalıların konstitusiya ilə təmin edilmiş hüquqlarını boğması ölkəni yenidən qaranlıq, təhlükə və təcrid dövrünə sürükləyir”, Səfir Treysi vurğulayıb.

Oleq Orlov 2022-ci ildə belaruslu insan hüquqları müdafiəçisi Ales Bialiatski və Ukraynanın Vətəndaş Azadlıqları Mərkəzi ilə birlikdə Nobel sülh mükafatına layiq görülüb.