Aleksey Navalnının keçmiş mətbuat katibi Kira Yarmış fevralın 26-da bildirib ki, onun tərəfdaşları fevralın 16-da Rusiyanın ucqar həbsxanasında dünyasını dəyişən müxalifət lideri ilə vida mərasimi keçirmək üçün yer axtarır.
"Biz ictimaiyyətin Alekseylə vidalaşma mərasimi keçirmək üçün zal axtarırıq. Vaxt - bu iş həftəsinin sonu. Əgər belə bir yerləriniz varsa, lütfən bizimlə əlaqə saxlayın", Yarmış əvvəllər Twitter kimi tanınan X hesabında yazaraq, Rusiya daxilində telefon nömrəsi əlavə edib.
Qohumları korrupsiyaya qarşı mübarizə aparan Navalnın ilə vida və onun dəfn mərasiminin hər hansı təfərrüatını hələlik təsdiqləməyib.
Baza Telegram kanalı Moskvadakı Borisovskoye qəbiristanlığında adı açıqlanmayan mənbələrə istinadən fevralın 26-da bildirib ki, əməkdaşlar Navalnının dəfni üçün hazırlıqlara keçən gecə başlayıb və əlavə edib ki, mərasim üçün ilkin tarix fevralın 29-na təyin edilib.
Baza həmçinin abunəçidən aldığı videonu da təqdim edib. Videoda keçən gecə Borisovskoye qəbiristanlığındakı avtomobil dayanacağının çox sayda polis maşınının müşayiəti ilə qardan tamamilə təmizləndiyini görmək mümkündür. Video müstəqil olaraq təsdiqlənməyib.
Bir neçə Telegram kanalı Borisovskoye, Xovanskoye və Troyekurovskoye də daxil olmaqla, Navalnının dəfn oluna biləcəyi mümkün bir neçə qəbiristanlığın adını qeyd edib. Həmin qəbiristanlıqların hamısı Moskvadadır.
Navalnının cəsədi Arktika həbsxanasında şübhəli ölümündən bir həftədən çox sonra, fevralın 24-də anası Lyudmila Navalnayaya verilib. 47 yaşlı Navalnının ölümünün səbəbi açıqlanmayıb.
Ölkənin müxtəlif yerlərində Navalnının xatirəsini yad etməyə çalışan yüzlərlə insan həbs edilib.
Navalnının qohumları, yaxınları və Qərb rəsmiləri onun ölümündə Putini günahlandırır. Rusiya rəsmiləri heç bir zorakılığa yol verilmədiyini bildirib və Navalnının həbsdə olarkən ölümü ilə bağlı beynəlxalq qəzəbi "isteriya" adlandırıblar.
Rusiyanın sürgündə olan aparıcı müxalifət lideri Mixail Xodorkovski AzadlıqRadiosu-na verdiyi son müsahibəsində deyib ki, ictimaiyyət üçün açıq dəfn mərasimi Navalnı tərəfdarları və hüquq-mühafizə orqanları arasında "genişmiqyaslı qarşıdurmaya" səbəb ola bilər.
Navalnı ekstremizm də daxil olmaqla, onun özü və tərəfdarları, Qərb rəsmiləri və hüquq müdafiəçilərinin siyasi motivli olduğunu iddia etdiyi 19 illik həbs cəzasını çəkərkən ölüb.
Forum