Traktor klubunun yaşı 23-dən aşağı olan oyunçularının Kirmanşahdakı stadiona daxil olarkən naməlum şəxslər tərəfindən fiziki hücuma məruz qalaraq, əşyalarının oğurlandığı bildirilir.
İran mediasında dərc olunan məlumata əsasən, hadisədə Traktor komandasının dörd oyunçusunun bıçaqlandığı və xəstəxanaya yerləşdirildiyi qeyd olunub.
Traktor komandasının meneceri Kazım Mahmudinin mediaya verdiyi açıqlamaya görə, komandanın oyunçuları Kirmanşah şəhərinin Besət komandası ilə matçın keçiriləcəyi yerə daxil olarkən naməlum şəxslər tərəfindən soyuq silahla hücuma məruz qalıb. O həmin şəxslərin futbolçuların şəxsi əşyalarını, idman formaları və ayaqqabılarını oğurlayaraq qaçdıqlarını bildirib.
Mahmudinin sözlərinə görə, Kirmanşah futbol komandasının rəsmiləri stadionda olmayıb.
Təbriz Traktor Klubunun baş direktoru Huşəng Nəsirzad insidentlə bağlı açıqlma verib.
"Bu gün Traktor komandasının 23 yaşdan aşağı üzvlərini daşıyan avtobus stadiona daxil olmazdan əvvəl onlar naməlum şəxslərin hücumuna məruz qalıb. Hadisəyə polis və təcili yardım qüvvələri müdaxilə edib. Liqa təşkilatı düzgün şəkildə dərhal məsələni həll edib ki əslində daha çox mənfi nəticələrə səbəb olmasın, " o bildirib.
İran Futbol Liqası Təşkilatı bu barədə bəyanat yayaraq, həmin təşkilatın və Futbol Federasiyasının Besət və Traktor komandalarının 23 yaşdan aşağı oyunçuları arasında keçiriləcək matçı ləğv etdiyini və hadisə ilə bağlı hesabatı qərar verilməsi üçün Futbol Federasiyasına göndərdiyini açıqlayıb. Bəyanatda vilayət polisi və təhlükəsizlik qüvvələrinin Traktor komandasının avtobusuna hücum edənləri axtardığı qeyd olunub.