Fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda “Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı 9 il və Elnur Şükürov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Amerikanın Səsinin müxbirinin məhkəmədən verdiyi məlumata görə, hökmə əsasən Əvəz Zeynallının evində axtarış zamanı götürülmüş 16 min manat dövlət nəfinə müsadirə edilib.
Hökmdən əvvəl isə təqsirləndirilən şəxslər son söz deyiblər. Onlar məhkəmədən bəraət istəyiblər.
Vəkillər bundan əvvəlki proseslərdə Amerikanın Səsinə hüquqlarını müdafiə elədiyi jurnalistlərin apellyasiya şikayəti verəcəklərini bildiriblər.
Əvəz Zenallının həyat yoldaşı Məlahət Qüsuri Amerikanın Səsinə bildirib ki, Əvəz Zeynallının və Elnur Şükürovun hər hansı bir cinayəti sübut olunmayıb.
"Buradan dünyaya barmaq silkələyən prezidentə müraciət edirəm ki, 10-11 ay ərzində gedən məhkəmə prosesində bu məhkəmələr sübut elədi ki, onlar Azərbaycan dövlətinin qanunlarına tüpürdülər", o bildirib.
Bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsindən şərh almaq mümkün olmayıb.
Dövlət ittihamçısı məhkəmədən Əvəz Zeynallının Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir (nüfuz alveri) maddələrilə təqsirli bilinməsini və 10 il həbs cəzasına məhkum edilməsini istəyib.
Eyni zamanda, prokuror Cinayət Məcəlləsinin 312-ci (rüşvətə təhrik) maddəsini Zeynallının üzərindən götürüb. Prokuror Elnur Şükürovun 312-1.1 maddə ilə beş il həbs cəzasına məhkum olunmasını təklif edib.
"Xural" Media Qrupunun rəhbəri Əvəz Zeynallı ötən il sentyabrın 9-dan, "Səda TV"nin rəhbəri Elnur Şükürov isə sentyabrın 13-dən həbsdədir.
Onlar rüşvətxorluqda, dələduzluqda, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməkdə və digər əməllərdə ittiham olunur.
Jurnalistlər ittihamları qəbul etmir və özlərini təqsirkar bilmir. Zeynallı məhkəmədə bildirib ki, o, sifarişlə həbs edilib və məqsəd onu susdurmaqdır.
"Səda TV"-nin rəhbəri Elnur Şükürov da təqsirsiz olduğunu və Əvəz Zeynallının əleyhinə ifadə vermədiyinə görə cəzalandırıldığını söyləyir.
Bir çox beynəlxalq qurumlar, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) və Avropa Şurasının İnsan Haqları üzrə Kommissarı Zeynallının dərhal azadlığa buraxılmasına çağırıb.