Fevralın 23-də Urmiyə şəhərində yaşayış evində baş verən partlayışda bir ailənin 4 üzvü həyatını itirib.
Yarı-rəsmi İSNA xəbər agentliyi Qərbi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərinə istinadən xəbər verib ki, Urmiyə şəhərində yaşayış evində alışan materialların partlaması nəticəsində 4 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Qeyri-standard pirotexniki vasitələrin hazırlanmasında istifadə olunan xeyli miqdarda materialın saxlanması və bu materialların naməlum səbəblərdən yanması partlayışa səbəb olub.
Urmiyə Yanğınsöndürmə İdarəsinin rəisi İRNA-ya bildirib ki, partlayış yanğına səbəb olmayıb, ancaq yaşayış evinin dağılması və dağıntıların həmin evin sakinlərinin üzərinə düşməsi ilə nəticələnib. Dağıntılar altından 6 nəfər xilas edilib, onlardan 4-ü ölüb.
İran mediası ölənlərin kimliyini dərc edib. Bu hadisədə ailənin atası 60 yaşlı Bayram Nəzəri, onun iki 38 və 30 yaşlı oğulları və 10 yaşlı nəvəsi Əli həyatını itirib, 55 yaşlı həyat yoldaşı, 32 yaşlı gəlini Fərzanə və 3 yaşlı nəvəsi sağ qalıb və hər 3 nəfər xəstəxanaya yerləşdirilib.
Bu kimi hadisələr İran şəhərlərində vaxtaşırı baş verir, xüsusən də Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbə kimi bayramlar ərəfəsində bənzər hadisələr baş verir. Keçən il Təbrizdə bir evdə əldəqayırma pirotexniki materialların törətdiyi partlayışda 7 nəfər həyatını itirmişdi.
Müşahidəçilər deyirlər ki, İranda bəzi əhali pul qazanmaq üçün evdə təhlükəli olan fişənglər hazırlayıb sataraq gəlir əldə etməyə cəhd etmələri nəticəsində bədbəxt hadisələr baş verir.