Teoman Aktan: İranda türkcə hakim rəvayətlərə qarşı alternativ rəvayətlərin dilidir

Teoman Aktan, politoloq

Keçən təqribən bir həftə ərzində İran Azərbaycanının müxtəlif şəhərlərinin məhəllələrində Dünya Ana Dili Günü münasibətilə türk dil haqları fəalları tərəfindən uşaqlara türkcə kitablar paylanıb.

Amerikanın Səsinə danışan politoloq və siyasi fəal Teoman Aktan hesab edir ki, “türkcə İranda hakim qrupun hegemon rəvayətləri və kolonial propaqandalarına qarşı alternativ rəvayətlərin dilidir.”

Your browser doesn’t support HTML5

Teoman Aktan: İranda türkcə hakim rəvayətlərə qarşı alternativ rəvayətlərin dilidir

Aktanın sözlərinə görə, “20-ci yüzildən başlayaraq İranda siyasi idarələr öz hegemonluqlarını gücləndirmək və yerli xalqları kontrol altında tutmaq üçün ana dili yasağından bir siyasi kontrol mexanizmi olaraq istifadə etmişdir. Bu ana dili yasağı İranda müstəmləkəçi iqtidarların hegemonik gücünün sürdürülməsi yolunda və yerli cəmiyyətlərin assimilyasiya edilməsində bir strategiya kimi işə alınmışdır.”

O, İranda ana dili qadağasını mədəni hegemonluğun bir əlaməti kimi dəyərləndirir:

“Ana dili yasağı İranda güc münasibətləri və kültürəl hegemonluğun bir əlaməti olaraq görülməlidir. Bizim türkcənin mövqeyini və statusunu müdafiə etməyimiz də əsasən bu kolonial nizama meydan oxumaq üçündür.”

SEE ALSO: Vahid Qarabağlı: İran dövləti türk dilinə sərhəd çəkməyə, onu lokal bir dil səviyyəsində saxlamağa çalışır

Politoloq İran Azərbaycanında dil məsələsinin sadəcə bir mədəni haqdan ibarət olmadığını vurğulayır.

O, deyir ki, “türkcə bizim ehtiyacımız olan kültürəl üsyan hərəkatının dili və zərurəti olmalıdır. Dolayısı ilə türkcəni təcili bir ehtiyac kimi, tarixi bir zərurət kimi ortaya qoymaq lazımdır. Bu dil İranda indiki durumda mədəni hegemonluğa qarşı, kolonial zehniyyətə və kolonial təhsil sisteminə qarşı, eləcə də sistemli bir şəkildə tətbiq edilən beyin yuma və indoktrinasiyaya qarşı bir mücadilə literaturunun dilidir.”

Teoman Aktan İran Azərbaycanında cərəyan edən milli hərəkatın dil məsələsinə yanaşmasını şərh edərək deyir ki, “bu məsələni sırf kültürəl sahəyə həbs etmək doğru bir metod deyil.”

SEE ALSO: Teoman Aktan: 1945-də Azərbaycan Demokrat Firqəsi yerli səviyyədə bir demokratiya inşa etməyi arzulayırdı

Onun sözlərinə görə, “əslində türkcə İranda hakim qrupun hegemonik rəvayətləri və kolonial propaqandaya qarşı alternativ rəvayətlərin dilidir. Alternativ bir mücadilənin mahiyyətini və əsas hədəfini təşkil edir. Dolayısı ilə bu, sırf kültürəl bir haq olmaqdan çox, bir mücadilə sahəsidir. Bu bir status yönündə, bərabər bir status yönündə bir mücadilədir. Yəni, dil məsələsi İrandakı mövcud siyasi vəziyyətdə əslində bir statusu tələb etməkdir. Bərabər fürsətlərə sahib olmağın zərurətini vurğulamaqdır. Dolayısı ilə, bunu sırf kültürəl sahəyə həbs etmək doğru bir metod deyil.”