Fransa prezidenti Emmanuel Makron Azərbaycanın Ermənistanın ərazi bütövlüyünə hörmətlə bağlı hər hansı qeyri-müəyyənliyi aradan qaldırmalı olduğunu deyib, rəsmi Bak Makronun “əsassız iddialarını” pisləyib.
Fevralın 21-də Parisdə Ermənistan Baş naziri Nikol Paşinyanla keçirdiyi birgə mətbuat konfransında Emmanuel Makron Fransanın Ermənistanın müstəqilliyinə, ərazi bütövlüyünə, demokratik kursuna və sülh istiqamətindəki fəaliyyətinə dəstəyini ifadə edib.
Makron qeyd edib ki, Fransa Cənubi Qafqazda davamlı sülh naminə dəstəyini davam etdirəcək. O, həmçinin Qarabağ ermənilərinin geri dönə bilməsi üçün şərait yaradılmasına və Beynəlxalq Ədalət Məhkəməsinin bu məsələyə dair 17 noyabr tarixli hökmünə əməl edilməsinə çağırıb.
Ədalətli və davamlı sülhün beynəlxalq hüquqa, suverenliyə, ərazi bütövülüyü və sərhədlərin toxunulmazlığına hörmətlə mümkün ola biləcəyinə əmin olduğunu deyən Fransa Prezidenti, Azərbaycan və Ermənistan liderlərinin 2022-ci ildə Praqada Almatı bəyannaməsinə sadiqliklərini təsdiqlədiklərini, bunun iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının əsaslarından biri olduğunu vurğulayıb.
“Bu baxımdan Azərbaycanın hər hansı qeyri-müəyyənliyi aradan qaldırılması vacibdir. Ermənistanın ərazi bütövlüyünə hörmətlə bağlı, xüsusən də sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı vicdanla işləmək üçün istinad xəritələrindəki qeyri-müəyyənliyin aradan qaldırılması mənə həmişəkindən daha zəruri görünür. Bu, öz növbəsində sərhədin hər iki tərəfindəki qüvvələrin geri çəkilməsi üçün əsas olmalıdır”, Makron qeyd edib.
Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Prezidentinin “Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialarını” qətiyyətlə pislədiyini bildirib.
“Almatı Bəyannaməsi və müəyyən xəritələr çərçivəsində ərazi bütövlüyünün vacibliyinə toxunan Fransa tərəfinin nəyə görə məhz bu kimi razılaşmalara zidd olaraq 30 ilə yaxın müddətdə davam etmiş Ermənistan təcavüzünə və Azərbaycan ərazilərinin işğalına, habelə hal-hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına qarşı çıxmaması sualına aydınlıq gətirməsi daha faydalı olardı”, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir.
Rəsmi Bakı Fransanın “bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətin” heç bir nəticə verməyəcəyini əlavə edib.
Azərbaycan və Ermənistan 2022-ci ilin oktyabrında Emmanuel Makron və Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Praqada keçirilən görüşdə “Praqa bəyanatı”na imza atıblar ki, həmin bəyanatda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanındığı 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini və bu sənədin sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacağını təsdiq ediblər.
Nikol Paşinyan ötən gün keçirilən mətbuat konfransında qeyd edib ki, Praqa bəyanatında regional sülh və sabitliyin təməl prinsipləri vurğulanıb və Ermənistan əldə olunmuş razılaşmalara sadiqdir.
“Əminəm ki, bu prinsiplərə əməl olunsa, Ermənistanla Azərbaycan arasında sülh həqiqətən də əldə edilə bilər və realdır”, Paşinyan əlavə edib.
Sərhədlərinin delimitasiyası və demarkasiyası məsələsində Ermənistan 1970-ci il xəritələrindən istifadə edilməsində israr edir. Ermənistan Baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Aİ Şurasının prezidenti Şarl Mişelin ötən ilin oktyabrında imzaladığı Qranada bəyanatında da sərhədlərin delimitasiyası üçün SSRİ Baş Qərargahının son xəritələrindən istifadə edilməsi vurğulanıb.
Azərbaycan prezidenti İlham Əliyev isə 1970-ci il xəritələrinin Ermənistanın xeyrinə olmasını əsas gətirərək bu təklifi rədd edib. Prezident Əliyev yanvar ayında yerli televiziyalara müsahibəsində deyib ki, 1970-ci ilədək Azərbaycanın “tarixi torpaqları” hissə-hissə Ermənistana verilib və ədalətli yanaşma üçün əvvəlki illərə aid xəritələrə də istinad edilməlidir.