Vaşinqtonda səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov fevralın 20-də ABŞ Prezidentinin xüsusi məsələlər üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının iqlim və enerji üzrə baş direktoru Sarah Ladislav, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini Rik Dyuk, ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt, ABŞ Enerji Departamentinin katibi Cennifer Qranholm ilə görüşüb.
Görüşlərdə Azərbaycan-ABŞ münasibətlərində regional və beynəlxalq əhəmiyyətli enerji təhlükəsiziliyi layihələrinin həyata keçirilməsi üzrə uzunmüddətli əməkdaşlıq, təbii qaz və “yaşıl enerji”nin tədarükü, həmçinin COP29-la bağlı məsələlər müzakirə edilib. Tərəflər mürəkkəb enerji böhranı dövründə Cənub Qaz Dəhlizinin rolundan da danışıb.
Azərbaycan Energetika Nazirliyinin məlumatıan görə, nazir Şahbazov son üç il ərzində Cənub Qaz Dəhlizinin Avropanı 31 milyard kubmetrdən çox təbii qazla təchiz etdiyini bildirib.
“Hazırda dəhlizin genişləndirilməsi və Avropaya tədarükün artırılması Azərbaycanın səyləri ilə həyata keçirilir. Həmçinin Azərbaycanın zəngin bərpa olunan enerji potensialının ölkənin enerji keçidinə və Avropanın enerji təchizatını şaxələndirməyə yönəltdiyi qeyd olunub. Bu xüsusda, “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi layihəsindən bəhs edilib və görülən işlər diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Prezidenti tərəfindən “yaşıl enerji”nin inkişafına güclü dəstək var. Azərbaycanın COP29-a sədrliyi də məhz yaşıl enerji, iqlim gündəliyinə və dekarbonizasiya planlarına sadiqliyini əks etdirir”, Energetika Nazirliyi qeyd edir.
Görüşlərdə COP29-a ev sahibliyi dövründə Azərbaycanın milli və qlobal səviyyədə enerji keçidi, iqlim maliyyələşməsi üzrə prosesə mümkün töhfələri, metan emissiyalarının azaldılması ilə bağlı siyasət və planlarına dair fikir mübadiləsi aparılıb.
Enerji təhlükəsizliyi və iqlim hədəflərinin uzlaşdırılması məqsədilə Azərbaycan-ABŞ əməkdaşlıq dialoqunun aparılması razılaşdırılıb.
ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə görüşdə isə müasir enerji təhlükəsizliyi çağırışları kontekstində Cənub Qaz Dəhlizi kimi enerji təchizatını şaxələndirən infrastrukturların inkişafı əsas müzakirə mövzusu olub.
Azərbaycanın hazırda 8 ölkəyə qaz təchiz etdiyi, əlavə qaz tədarükünün Cənub Qaz Dəhlizi ilə yanaşı, “Həmrəylik Halqası”nın ötürücülük gücünün artırılmasını tələb etdiyi qeyd edilib. Cənub Qaz Dəhlizinin birinci mərhələsində olduğu kimi genişləndirilməsi prosesinə ABŞ-nin dəstəyi istiqamətində əməkdaşlıq edilməsi razılaşdırılıb.
COP29 - Ədalət Mühiti Təşəbbüsünün təsisçilərindən, Azad İqtisadiyyata Yardım ictimai birliyinin sədri Zöhrab İsmayıl Amerikanın Səsinə deyib ki, ABŞ rəsmiləri ilə görüşlərdə enerji, “yaşıl enerjiyə keçid”, ətraf mühit, ekologiya məsələləri ilə yanaşı insan hüquqları da diqqət mərkəzində olmalıdır.
“ABŞ rəsmiləri Azərbaycanda təcili həllini tapmalı olan məsələləri də diqqətə çatdırmalıdır. Bunlar Azərbaycanda insan hüquqlarının durumu, mətbuat azadlığı, siyasi məhbusların, o cümlədən jurnalısitlərin, siyasi və ictimai xadimlərin həbsdən azad edilməsi, müstəqil vətəndaş cəmiyyəti institutlarına qarşı təpkilərin aradan qaldırılmasıdır”, o qeyd edib.
Ətraf mühit və yaşıl enerji məsələsinə gəlincə İsmayıl hesab edir ki, hökumət birmənalı şəkildə ekoloji mühitin yaxşılaşdırılması üçün real addımlar atmalıdır.
“Bir tərəfdən ətraf mühiti çirkləndirib, digər tərəfdən ağac əkmək çıxış yolu deyil. Hökumət ətraf mühit və metan emissiyalarının azaldılması ilə bağlı konkret real addımlar atmalıdır”, o qedy edib.