Güneyli ekoloji fəal Afşin Nəziri 4 il 9 ay müddətinə azadlıqdan məhrum edilib

Azərbaycanlı ekoloji fəal Afşin Nəziri

Tehranda yaşayan türk fəal, ətraf mühit sahəsində çalışan Afşin Nəziri Tehran vilayətinin Pərdis İnqilab Məhkəməsi tərəfindən 4 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə AZOH Telegram kanalı və HRA xəbər agentliyi məlumat yayıb.

Pardis Ümumi və İnqilab Məhkəməsi Afşin Nəzirini “sistemə qarşı təbliğat fəaliyyəti göstərmək”, “ali dini lideri təhqir etmək” və “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qruplaşmalara üzv olmaq” ittihamlarından təqsirkar tanıyıb və müvafiq olaraq, 8 ay, 16 ay və 33 ay həbs cəzalarına məhkum edib.

İran İslam Respublikasının cinayət qanunlarına əsasən, Afşin Nəziri üçün fərqli ittihamlardan aldığı ən ağır cəza olan 33 ay (2 il 9 ay) həbs cəzası tətbiq edilə bilər.

Həmçinin bu türk ekoloji fəalın iki il müddətinə ölkədən çıxışına qadağa qoyulub və onun mobil telefonu müsadirə edilib.

AZOH Telegram kanalı yazıb ki, Nəziri ötən il mayın 3-də sosial şəbəkələrdə Araz çayından video-görüntü yayımlayıb və həmin videoda Araz çayının sənaye çirklənməsi səbəbindən rənginin yaşıllaşdığı göstərilib.

Bölgədəki hüquq müdafiə fəalları Afşin Nəzirinin Urmiyə gölünün quruması və habelə Araz çayının kəskin çirklənməsi ilə bağlı sosial media səhifələrində məarifləndirmə fəaliyyəti göstərdiyi üçün həbs edildiyini bildirirlər.

Əslən Xudafərin mahalından olan Afşin Nəziri, ötən il avqustun 29-da 5 mülki geyimli təhlükəsizlik işçisi tərəfindən saxlanılıb. O, daha sonra sentyabrın 8-də məhkəmənin son qərarına qədər 800 milyon tümənlik mülki girov müqabilində Evin Həbsxanasından zaminə buraxılmışdı.