Azərbaycan Mərkəzi Bankı bankların valyuta tələbinin artmasının səbəbini açıqladı

Azərbaycan Mərkəzi Bankı fevralın 13-də keçirilmiş valyuta hərracında bankların tələbinin rekord həddə - 151,1 milyon ABŞ dollarına çatmasına münasibət bildirib.

Mərkəzi Bankın Məlumatına görə, tələbin artması mövsümi xarakter daşıyır.

"Bu, əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə bağlıdır. 2024-cü ilin ötən dövründə valyuta hərraclarının 55 %-də təklif tələbi üstələyib. Valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bu meyillərin davam etməsi halında 2024-cü ilin sonuna da cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir", məlumatda deyilir.

Your browser doesn’t support HTML5

Natiq Cəfərli: Mərkəzi Bank cavab verməyə gecikib

İqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, Mərkəzi Bankın açıqlaması standart cümlələrdən ibarətdir.

“Doğurdan da indi büdcə layihələri həyata keçirilir. Büdcə açılan kimi bizdə yanvarın sonu fevralın əvvəli daha çox manat kütləsi daxil olur. Bu artıq etirafdır həm də ki, manat kütləsinin bir qismi valyutaya yönəlir. Valyuta alınaraq ölkədən çıxır. Yəni daha çox ölkəyə hansısa bir layhihələrin həyata keçirilməsi üçün avadanlıqların, maşınların, texniki vasitələrin alınmasına sərf olunur. Bu valyutaya olan tələbatı artır. Bir də Novruz bayramı öncəsi onsuzda bizdə yerli məhsullardan azalması ilə əlaqədar xarici valyutaya tələbat daha da artır. Bu da valyutaya olan tələbatı artırır”, Cəfərli deyir.

İqtisadçının sözlərinə görə, Mərkəzi Bank cavab verməyə gecikib.

“Çünki bir ajiotaj yaranıb. Bir neçə həftədir , hətta şayiələr də dolaşır ölkədə devalvasiya ilə bağlı, hansısa problemin yaranacağı ilə bağlı Mərkəzi Bank bu gözləntiləri idarə etməkdə gecikir. Vaxtı-vaxtında daha tez və daha inandırıcı açıqlamalar verməlidir. Mərkəzi Bankın zatən görəvlərindən budur. Bu açıqlamanın indi verilməsi də yaxşıdır. Amma ictimaiyyətə bu tipli məlumatlar veriləməlidir", ekspert qeyd edir.