Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı sərəncam ilə bütün növ pensiyalar indeksləşdirilərək 11,2 faiz artırılıb.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin məlumatında deyilir ki, sərəncamla 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır.
“Həmçinin qulluq stajına görə əlavələr təyin edilmiş pensiyaların həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğlərinin və 2023-cü il yanvarın 1-dən pensiyaların tərkibinə daxil edilən maddi yardımların da qeyd olunan qədər indeksləşdirilməklə bu ilin əvvəlindən artırılması təmin edilir”, nazirlik bildirir.
Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək.
Nazirlik bildirir ki, ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən artımlar üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək.
“Sərəncamla tətbiq edilən indeksasiya üzrə artım 2023-ci il üzrə orta inflyasiya dərəcəsini (8,8 faiz) üstələyir. Eyni zamanda, sərəncamla istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığorta olunanların fərdi hesablarında 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da 8,8 faiz indeksləşdirilərək artırılır. Məsələn, şəxsin fərdi hesabında 50 min manat pensiya kapitalı toplanıbsa, bu məbləğ 8,8 faiz, yəni 4400 manat artırılmaqla 54 400 manata çatdırılacaq”, nazirlik qeyd edir.
İqtisadi məsələlər üzrə təhlilçi Rəşad Həsənov Amerikanın Səsinə bildirib ki, pensiyaların indeksləşdirilməsi sadəcə reqlamentdir, qanunun tələbidir.
“Faktiki pensiyalar orta aylıq əmək haqqının artım tempi ilə indeksləşdiriləcək. Rəsmi rəqəmlərlə bu, 11 faiz ətrafında dəyişəcək. Çünki fevral ayının 10-12 arasında yəqin ki, bu rəqəm Dövlət Statistika Komitəsi tərəfindən açıqlanacaq. Rəsmi rəqəmlərə görə, inflyaisya da 10 faizə qədərdir. Əgər biz rəsmi rəqəmlərə güvənsək, faktiki olaraq pensiyaların indeksləşdirilməsi səviyyəsi qiymətlərin artım səviyyəsi ilə müqayisədə 1, 1,5 faiz daha yuxarı olacaq”, o qeyd edib.
Your browser doesn’t support HTML5
Təhlilçi eyni zamanda, rəsmi rəqəmlərin reallığı nə qədər əks etdirdiyini sual edir.
“Burada metodologiyadan qaynaqlanan fərqli problemlər var. Hiss edilən inflyasiya tamamailə fərqli indikatordur. Bizdə pensiyalar orta aylıq əmək haqqına və yaxud inflyasiya səviyyəsinə görə indeksləşdirilir. Bu, inflyasiya səviyyəsi ölkə üzrə istehlak olunan 528 adda mal və xidmətləri özündə birləşdirən məhsulların qiymət dəyişməsini özündə əks etdirir. Praktikada əhalinin yoxsul təbəqəsi ən yaxşı halda bu kateqoriyaya daxil olan 150 adda gündəlik ərzaq məhsulları və xidmətlərdən istifadə edir. Digərləri çox nadir halda istifadə edilən məhsul növləridir. Gündəlik istifadə olunan ərzaq məhsullarının qiymətləri isə daha sürətlə artır. Bu aspektdən yanaşdıqda yoxsul əhaliyə münasibətdə inflyasiya hökumətin açıqladığı orta rəsmi göstəricidən daha çoxdur. Bu, bəzən 3-4 faiz yüksək olur. Bu halda əhalinin 1-ci və 10-cu desilinin (gəlirlərin diferensiasiya göstəricisi-red) gəlirləri arasında hiss edilən inflyasiya arasında 5 faizədək fərq yaranır”, o deyib.
Ekspert hesab edir ki, bu, təzadlı inflyasiyadır.
“Yəni yoxsul daha çox inflyasiyanın təzyiqi ilə üz-üzə qalır. Çünki yoxsul daha çox zəruri məhsulları alır. Zəruri məhsullar isə daha çox bahalaşır. Varlılar isə daha çox lüks məhsulları alır. Həmin məhsulların qiymətləri isə daha az bahalaşır. Təzad odur ki, orta göstəriciyə əsaslanan indekslər əsasında aparılmış pensiya indekslədirilməsi yoxsullara nisbətdə daha az alıcılıq gücünü bərpa edir”, Rəşad Həsənov qeyd edib.