Accessibility links

Azərbaycanda özəl pensiya fondları yaradıla bilər


Azərbaycanda 2024-cü ildə pensiyalarda 10,8 faizlik indeksləşdirmə gözlənilir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov yanvarın 10-da qurumun 2023-cü il üzrə hesabat tədbirində bildirib.

"Yəqin ki, fevral ayının əvvəlində bu indeksləşdirmə həyata keçiriləcək. Fevral ayında həm yanvar, həm də fevral ayının indeksləşmə xərci vətəndaşların pensiyasına əlavə edilərək ödənilənəcək", o qeyd edib.

Onun sözlərinə görə, mütəmadi olaraq pensiyalar artırılır və dövlət başçısının bu istiqamətdə tapşırıqları var.

Bundan əlavə sədr qeyd edib ki, Azərbaycanda özəl pensiya fondunun yaradılması ilə bağlı normativ sənədlərin hazırlanması tam yekunlaşıb.

O qeyd edib ki, bir ay ərzində layihələr aidiyyəti qurumlara göndəriləcək.

İqtisadçı Fərid Mehralızadə Amerikanın Səsinə bildirib ki, pensiya fondları bazarında rəqabətin olması yaxşı bir hal ola bilər ki, vətəndaşlar daha keyfiyyətli və daha sərfəli qiymətlər əhatələnsin.

O, Azərbaycanda özəl pensiya fondlarının geniş kütlələr tərəfindən istifadə edəcəyinə bir az skeptik yanaşır

“Çünki adamın gəliri o səviyyədə olmaldır ki, o özəl fondlara da maraqlı olsun. Bir müddət əvvəl açıqlanmışdır ki, Azərbaycanda median əmək haqqı təxminən 459 manatdır. Belə bir şəraitdə insanlar üçün bu pul onsuz da azdır. Bunun da bir hissəsinin özəl pensiya fonduna vermək o qədər də uyğun deyil. Sadəcə yüksək əmək haqqı alanlar bunda maraqlı ola bilər. Həmin adamların Azərbaycanda sayı çox deyil. Ona görə də mən bunun məhdud çevrələrdə papulyarlaşacağını düşünürəm", o deyib.

İqtisadçı qeyd edir ki, digər tərəfdən pensiya fondları da investisiya fəaliyyəti həyata keçirməlidir ki, yığdığı puldan pul qazansın və bir hissəsini müştərilərə qaytarsın.

"Bunun üçün də Azərbaycanın kapital maliyyə bazarları inkişaf eləməlidir. Bu baxımdan bizim də problemlərimiz var. İnsanların rəsmi gəlirləri artmadıqca və ölkədə kapital bazarları inkişaf etmədikcə məncə özəl pensiya fondlarının fəaliyyətinin bir o qədər də genişlənmə prespektivi məhduddur", Fərid Mehralızadə bildirib.

Pensiyalarda 10,8 faizlik indeksləşdirməsinə gəldikdə isə, ekspert deyir ki, bu təxminən inflyasiyaya yaxın bir rəqəmdir.

“Amma nəzərə alsaq ki, pensiyaçılar nisbəətn aztəminatlı əhali qrupudur. Həmin əhali inflyasiyanı daha çox hiss edir. Mən düşünürəm ki, 10,8 faizlik artım 2023-cü ildə manatın alıcılıq qabiliyyətinin azalmasına kompensasiya ediləcək məbləğ deyil.", ekspert qeyd edib.

Forum

XS
SM
MD
LG