Həmədanlı tələbə fəal Şahab Bayat həbs cəzasının icrası üçün Həmədan Ümumi və İnqilab Məhkəməsinin hökmlərin icra edilmə şöbəsinə çağırılıb.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, yanvarın 28-də məhkəmədən Bayat ailəsinə gələn zəng vasitəsilə Şahab Bayatın 6 aylıq hökmünün icra edilməsi üçün yanvar ayının 29-u bazar ertəsi gününə qədər Həmədan Ümumi və İnqilab Prokurorluğuna müraciət etməli olduğu bildirilib.
Humanrightsiniran saytında dərc olunan məlumata görə, Şahab Bayata yazılı bildiriş də göndərilib, lakin məhkəmə səlahiyyətliləri telefon əlaqəsi saxlayıb hökmlərin icra şöbəsinə müraciət etməsini istəyib.
Şahab Bayat ötən ilin oktyabrında Həmədan İnqilab Məhkəməsində “sistemə qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamından təqsirkar bilinərək, 6 ay həbs cəzasına məhkum edilib.
Ötən il mayın 24-də məhkəməyə çağırılan Bayat, ittihamla bağlı məlumatlandırılıb. O, məhkəmənin yekun qərarına qədər 300 milyon tümən girov müqabilində sərbəst buraxılıb.
Bayat daha əvvəl 2022-ci il dekabrın 14-də Həmədan İnqilab Məhkəməsində 3 aylıq həbs cəzası alıb. Birinci məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilən Bayatın cəzası Apellyasiya Məhkəməsi tərəfindən həbs cəzasının 2 il 9 ay müddəti şərti edilib.
O, 2022-ci il oktyabrın 31-də ölkədə keçirilən kütləvi etirazlar zamanı həbs edilmişdi.