Yunanıstanlı deputat Teodoros Russopulos Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti seçilib.
Teodoros Russopulos AŞPA-nın bu gün başlayan qış sessiyasında çıxış edərək prezidentlik dönəmində Ukraynanın, habelə Avropa Şurası məkanında demokratiya və insan hüquqlarına qarşı təhdidlərin qarşısının alınmasının prioritet məsələlər olacağını deyib.
“Prezidentliyim dövründə Ukraynanın və onun ərazisində törədilmiş dəhşətli cinayətlərə görə cavabdehliyin təmin edilməsinin mənim əsas prioritetim olacağını desəm, sizi təəccübləndirməyəcəyəm”, Russopulos bildirib.
AŞPA-nın yeni prezidenti əlavə edib ki, Avropa Şurası hər gün insan haqlarına əhəmiyyət verilməməsi, hətta öz liderlərini demokratik yolla seçən ölkələrdə də demokratik idealların olmamasının yaratdığı təzyiqlərlə üzləşir.
“Biz burada kimisə hədələmək və ya barmağımızı yelləmək üçün deyil, üzv dövlətlərimizə və başqalarına demokratiyanın nə demək olduğunu və demokratiyanın inkişafı üçün nəyə ehtiyac olduğunu xatırlatmaq üçün buradayıq”, Russopulos vurğulayıb.
Jurnalist və siyasətçi Teodoros Russopulos 2004-2008-ci illərdə Yunanıstan hökumətinin mətbuat katibi və informasiya və kommunikasiyaya məsələləri üzrə dövlət naziri olub. 2019-cu ildən bəri isə o, Yunanıstanın AŞPA-dakı nümayəndə heyətinin üzvüdür.