Beynəlxalq jurnalist təşkilatları Azərbaycanda "repressiya dalğasını" pisləyir

Arxiv fotosu

Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) və Avropa Jurnalistlər Federasiyası (EFJ) yanvarın 19-da birgə bəyanat yayaraq Azərbaycanda jurnalist həbsləri və media azadlığına qarşı təzyiqləri pisləyiblər.

“2023-cü ilin noyabrı hökuməti tənqid edən media orqanlarına və jurnalistlərə, habelə uydurma ittihamlarla iki fəal və bir müxalif siyasətçiyə qarşı repressiyaların başlanğıcı oldu”, bəyanatda qeyd edilir.

Bəyanatda korrupsiya araşdırmaları ilə tanınan “Abzas Media” xəbər saytına və müstəqil internet televiziyası “Kanal 13” televiziyasına qarşı təzyiqlər vurğulanır.

Ötən həftəsonu saxlanılan “Abzas Media” xəbər saytının jurnalisti Elnarə Qasımova son iki ay ərzində barəsində cinayət ittihamı qaldırılan 10-cu jurnalistdir.

Xətai rayon Məhkəməsi yanvarın 15-də Elnarə Qasımova barəsində 2 ay 17 gün həbs-qətimkan tədbiri seçib. Qasımova “Abzas Media”nın həbs edilən digər jurnalistləri kimi “qaçaqmalçılıq”da ittiham edilir.

Noyabr ayından bəri “Abzas Media” xəbər saytının direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov və reportyor Nərgiz Absalamova həbs edilib. “Abzas Media” ilə əməkdaşlıq edən “Turan” agentliyinin araşdırmaçı jurnalisti Hafiz Babalı da bu iş üzrə həbs edilib.

“Abzas Media” jurnalistləri “qaçaqmalçılıq yolu ilə ölkəyə xarici valyuta gətirməkdə” ittiham edilsə də, onlar peşə fəaliyyətləri, xüsusən də yüksək rütbəli məmurların korrupsiyasına dair dərc etdikləri araşdırmalara görə cəzalandırıldıqlarını bildirirlər

Azərbaycanda son bir neçə ay ərzində “Kanal 13” internet televiziyasının rəhbəri və təsisçisi Əziz Orucov, “Kanal 13”-ün əməkdaşı Şamo Eminov, habelə “Kanal 11” internet televiziyasının direktoru Teymur Kərimov və “azerinfo.az”xəbər saytının rəhbəri İbrahim Hümbətov Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə ittiham edilərək həbs ediliblər.

“Biz ölkədə fəaliyyət göstərən bütün jurnalistləri, xüsusən də məmur korrupsiyasını araşdıran jurnalistləri qorxutmağa yönəlmiş repressiya dalğasının şahidi oluruq. Saxta sübutlar əsasında həyata keçirilən bu həbslər hər şeydən əvvəl siyasi hakimiyyətin və onların əlaltılarının cinayətkar fəaliyyətini qorumaq məqsədi daşıyır”, IFJ direktoru Antoni Bellanger və EFJ direktoru Rikardo Qutierrez qeyd ediblər.

Bugünədək bir sıra yerli və beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı, Avropa Şurası, ABŞ Dövlət Departamenti Azərbaycanda jurnalistlərin həbsi ilə bağlı narahatlıq ifadə edib, Azərbaycan hakimiyyətini müstəqil mediaya və tənqidi səslərə qarşı təqibləri dayandırmağa çağırıblar.