Şahin Hacıyev: Azərbaycan-Fransa münasibətləri gərgin olaraq qalacaq

Your browser doesn’t support HTML5

Turan İnformasiya Agentliyinin siyasi redaksiyasının redaktoru Şahin Hacıyev Amerikanın Səsinə müsahibəsində Azərbaycan-Fransa münasibətlərində gərgin durum və münasibətlərin perspektivlərindən danışıb.

Amerikanın Səsi: Azərbaycan və Fransa arasındakı indiki gərgin münasibətlərin perspektivlərini necə görürsünüz?

Şahin Hacıyev: Azərbaycan-Fransa münasibətləri gərgin olaraq qalacaq. Bu gərginlik o zamanadək davam edəcək ki, ikitərəfli münasibətlərdə gərginliyin aradan qaldırılması üçün lazımi addımlar atılmayacaq. Belə bir addım və yaxud istək hələ hiss olunmur. Hər iki tərəf əslində buna ehtiyac da duymur. Həm Paris, həm Bakı hesab edir ki, haqlıdır və bu xətt davam edəcək. Bakının narazılığının Parisin firkini dəyişəcəyini gözləmək və yaxid rəsmi Paris yumşalacaq, belə bir əsas yoxdur. Çox güman ki, Bakı addımlarını o zamanadək davam etdirəcək ki, Fransanı sülh prosesində iştirakdan mümkün qədər uzaqlaşdırsın.

Amerikanın Səsi: Münasibətlərin gərginliyi regiondakı duruma necə təsir edə bilər?

Şahin Hacıyev: Bu, regiona müsbət təsir göstərməyəcək. Çünki Fransa Ermənistana dəstəyi davam etdirəcək. Ermənistan da bunu əlavə güc hesab edərək mövqeyini yumşaltmayacaq. Ona görə də Fransanın siyasəti sülhü yaxınlaşdırmayacaq.

Amerikanın Səsi: Bəs burada beynəlxalq güc mərkəzlərinin maraqlarının toqquşması baxımından nə baş verə bilər? Söhbət Amerika, Avropa İttifaqı, Rusiya, İran və Fransanın maraqlarından gedir.

Şahin Hacıyev: Artıq regionda böyük güclərin maraqları toqquşub. İlk növbədə bu, Vaşinqtonla Moskvanın arasındakı gərginlikdir. Yəni, Moskanın regionda Qərbin iştirakından narazı olmasıdır. Lakin bu maraqların toqquşması hələ ki, hansısa bir ciddi böhrana və yaxud hansısa hərbi konfliktə gətirib çıxarmayıb. Bu ziddiyyət hal-hazırda balans xarakteri daşıyır. Yəni, Rusiya Amerikaının maraqlarını üstələyib öz maraqlarını Ermənistana qəbul etdirə bilmir, eyni zamanda da Amerika Azərbaycana təzyiqi gücləndirib Vaşinqtonun xətti ilə getməyə məcbur edə bilmir. Bax, bu balans dəyişməyənədək hansısa bir ciddi dəyişiklikdən danışmaq olmaz.

Amerikanın Səsi: Hər iki ölkənin bəyanatında və qətnaməsində sanksiyalardan söhbət gedir. Azərbaycana qarşı sanksiyalar tətbiq edilə bilərmi? Bu realdımı?

Şahin Hacıyev: Bəli, sanksiyalar tətbiq edilə bilər. Lakin sırf Ermənistan-Azərbaycan arasında gedən proseslərə görə tətbiq edilə bilməz. Sanksiyalar o zaman tətbiq oluna bilər ki, regionda geosiyasi vəziyyət dəyişsin. Yəni, misal üçün İrana qarşı hansısa bir hərbi əməliyyat keçirilsin. Yaxud Rusiya Ukraynada məğlub olsun. Azərbaycana dəstək verən qüvvələr, ölkələr zəifləsin. Belə olan halda Qərb tərəfdən, ilk növbədə Amerika tərəfdən sanksiya tətbiq edilə bilər. Lakin bu sanksiyalar da mərhələli ola bilər. Birdən-birə Azərbaycanın əleyhinə yox, hansısa məmurların, rəhbərlərin, hansısa bir şirkətlərin və s. əleyhinə olacaq.