Qazaxıstan neftinin Bakı limanından nəqli beş qat artıb

Ötən il Qazaxıstan neftinin Aktau limanından ixracı 3 milyon 376 min ton təşkil edib, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 1 milyon 108 min və ya 48,9 faiz çoxdur.

Bu barədə "Kaztransoil" şirkəti məlumat yayıb.

Məlumatda deyilir ki, "Kaztransoil" Xəzər dənizinin Qazaxıstan sektorunda yerləşən "Tengiz" yatağından Bakı-Tbilisi-Ceyhan boru kəməri istiqamətində Aktau limanına ixrac üçün göndərilən neftin həcmi son 1 ildə 205 min tondan 1 milyon 392 min tona qədər artıb. Bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 5,5 dəfə çoxdur.

Bundan əlavə, hesabat dövründə Aktau limanından Mahaçqala limanına 1 milyon 984 min ton neft göndərilib.

İki il əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq "KazMunayQaz" və Azərbaycan Dövlət Neft Şirkəti arasında "Tengiz" yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb.

Xəzər dənizi ilə yükdaşımaların artmasının əsas səbəblərindən biri Rusiya-Ukrayna müharibəsi nəticəsində Qazaxıstan neftinin Azərbaycan vasitəsi ilə daşınmasıdır. Digər səbəb isə Orta Dəhliz vasitəsi ilə yük daşımalarının artmasıdır.

Ekspert hesab edir ki, Qazaxıstan neftinin yaxın illərdə yavaş-yavaş Azərbaycan üzərindən daşıma həcmləri artacaq.

"Azərbaycan Qazaxıstandan 30 milyon ton neft qəbul edib, Bakı-Tbilisi-Ceyhan neüft boru kəmərinə vura bilər. Ancaq bundan əlavə Azərbaycanın Bakı-Supsa kəməri minimum 5 milyon ton nefti ötürə biləcək. Bundan sonra Azərbaycanın dəmir yolu vasitəsilə 10 milyon tona qədər nefti daşımaq mümkündür. Yəni bu ümumi layihə gücləridir. Ancaq Xəzər dənizinin o tayından bu tayına o nefti daşımaq lazımdır. İndiki mövcud tankerlərin sayı cəmi 12.5 milyon ton neftin daşımasına imkan verir", Azərbaycan energetika naziri Pərviz Şahbazov bildirib.