"Deyə bilərəm ki, ölkəmizdə ədalətli, şəffaf, azad seçkilərin keçirilməsi üçün bütün şərtlər və lazımi şərait mövcuddur".
Bunu yanvarın 8-də Bakıda keçirilən regional seminar-müşavirədə Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxışı zamanı deyib.
Onun fikrincə, seçkilərin demokratik, azad və şəffaf həyata keçirilməsi üçün başlıca şərt ölkədə olan ictimai-siyasi sabitlikdir:
Ali Məhkəmənin sədri bildirib ki, prezident seçkisi ilə bağlı əsas yük həmişə olduğu kimi Mərkəzi Seçki Komissiyasının üzərinə düşür.
“İnanıram ki, bu il də qarşıya qoyulan vəzifələr Mərkəzi Seçki Komissiyası tərəfindən yüksək peşəkarlıqla yerinə yetiriləcək. Bu işdə məhkəmə hakimiyyəti olaraq, biz də üzərimizə düşən öhdəlikləri yerinə yetirməyə hazırıq”, o deyib.
Öz növbəsində siyasətçi Ruslan İzzətli Amerikanın Səsinə deyib ki, Azərbaycanda ədalətli seçkinin keçiriləcəyinə inam yoxdur.
“Ədalətli seçki keçirilməsi üçün bir çox fundamental azadlıqlar var ki, Azərbaycanda məhv edilib. Seçki sadəcə seçki günündən ibarət deyil. Seçkiyə qiymət verəndə seçkiyəqədərki dönəm, seçki prosesi, seçki günü, seçkidən sonrakı proses qiymətləndirilməlidir. Çox təəssüf ki, seçki gününə qədər olan proses, Azərbaycanda ədalətli seçki keçirilməsini sual altına qoyur”, o qeyd edib.
Hüquq müdafiəçisi Samir Kazımlı Amerikanın Səsinə deyib ki, demokratik, azad və ədalətli seçkilərin keçirilməsi üçün ölkədə insan hüquq və azadlıqları, xüsusilə siyasi azadlıqlar təmin edilməlidir.
"Təəssüf ki, insan hüquq və azadlıqları ilə bağlı durum ölkəmizdə ürəkaçan deyil. Son zamanlar insan haqları ilə bağlı durum daha da pisləşib, siyasi motivli həbslər artıb. Məhkəmə sistemindəki problemlər hələ də qalmaqdadır", hüquq müdafiəçisi bildirib.
Hüquq müdafiəçisnin sözlərinə görə, QHT-lərlə, media və siyasi partiyalarla bağlı qanunlar mürtəceləşdirilib, vətəndaş cəmiyyətinin və siyasi partiyaların fəaliyyətləri daha da məhdudlaşdırılıb.
"Birləşmək, sərbəst toplaşmaq və ifadə azadlıqları ilə bağlı ciddi problemlər var. Beynəlxalq hesabatlarda da Azərbaycanın adı bu məsələlərdə mənfi hallarda çəkilir. Demokratik, azad və ədalətli seçkilərin keçirilməsi istiqamətində atılacaq ilk addımlar ölkədə insan haqları ilə bağlı problemləri aradan qaldırmaqdan, o cümlədən siyasi motivli təzyiq və həbsləri dayandırmaqdan, siyasi məhbusları azadlığa buraxmaqdan başlanılmalıdır. Bunlar isə hələlik baş vermir", o deyib.
Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
Növbədənkənar prezident seçkiləri Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən sonraya təsadüf edir.
Bununla yanaşı, növbədənkənar prezident seçkilərinin elan edilməsinin səbəbləri hələ rəsmi qaydada bəyan edilməyib. Növbədənkənar seçkilər ölkədə hər hansı siyasi partiya tərəfindən təşəbbüs irəli sürülmədən elan edilib.
İndiyədək Mərkəzi Seçki Komissiyası 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. Onlardan 3 nəfərinin prerzidnetliyə namizədliyi qeydə alınıb. Bunlar hazırki prezident İlham Əliyev, Milli Məclisin deputatları Zahid Oruc və Razi Nurullayevdir.
Azərbaycanın müxalifət partiyaları Müsavat və Klassik Xalq Cəbhəsi Partiyası seçkilərdə iştirak etmir, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkiləri boykot edir.
Azərbaycanın hazırkı lideri İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilib. O, həmçinin 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da, 2018-ci il aprelin 11-də prezident seçkilərində qalib olub.
Bununla yanaşı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyası indiyədək Azərbaycanda keçirlən seçkilərin azad və demokratik olmasını təsdiq etməyib.