Sina Mirzayi: Tehranın Azərbaycan Milli Hərəkatına qarşı təzyiqləri strateji planlar üzərində qurulub

Sina Mirzayi

Son aylarda İran Azərbaycanında bir çox türk fəal uzun müddət kəşfiyyat qurumunun təcridxalanalarında sorğu-sual ediliblər. Politoloq və siyasi fəal Sina Mirzayi Amerikanın Səsi ilə söhbətində İran hökümətinin milli hərəkata mənsub qüvvələrə qarşı istifadə etdiyi basqı mexanizmləri haqda danışıb.

Sina Mirzayi deyib ki, İslam Respublikasının öz varlığına təhdid olaraq gördüyü Azərbaycan Milli Hərəkatına qarşı tətbiq etdiyi basqılar uzunmüddətli plan və proqramlar üzərində qurulub.

Your browser doesn’t support HTML5

Sina Mirzayi: Tehranın Azərbaycan Milli Hərəkatına qarşı təzyiqləri strateji planlar üzərində qurulub

“İran Azərbaycanında milli hərəkat ağır bir siyasi çəki olaraq görünür. Təbii ki, bu potensial İslam Cümhuriyyətində bir qorxu yaradır. Hətta İrandakı son etirazlarda, statistik məlumata baxdığımızda, fəaliyyət keçmişi olan milli-mədəni fəalların etiraza çıxmadan tutulmasını İranın digər İbölgələri ilə müqayisədə daha çox gördük. Çünki İslam Cümhurriyəti oradakı potensialın öz varlığına böyük problemlər yarada biləcəyini düşünür,” politoloq bildirib.

Onun fikrincə, İranın kəşfiyyat və təhlükəsizlik qurumları milli hərəkatın potensialını çox yaxşı bilir və ona mənsub müxtəlif qrupları yaxşı tanıyırlar.

SEE ALSO: Yılmaz Mehrəlibəyli: Qardaşım Yürüşü həbslə susdurmağa çalışırlar, amma o yoluna inanır, biz də arxasındayıq!

“Bunu görməliyik ki, İslam Cümhuriyyəti Milli Hərəkatı milli fəallardan belə daha yaxşı tanıyır. Hakimiyyət bir çox mövzuda bacarıqlı olmasa da təzyiq və repressiya mexanizmlərini qurmaqda və işlətməkdə çox bacarıqlıdır. Onun üçün həbsləri fərqli taktikalar və fərqli hədəflər ilə öncədən planlanmış strategiyalar ilə yürüdür,” o bildirib.

Sina Mirzayi müsahibədə İslam Respublikasının fəalları həbs edərək hansı hədəfləri izlədiyini ətraflı şərh edib.

“Bu həbslərin bir çoxu məsələn, nəbz yoxlamaq üçün ola bilər. Yəni, İslam Cümhuriyyəti arada-sırada bilmək istəyir ki, hərəkatın nə kimi qaynaqları var, nə qədər enerjisi var, nə qədər potensialı var. Bir də ki, hökümət geniş miqyaslı həbslər yerinə daha seçici hədəflənmələrə yönələ bilər. Çünki milli hərəkatın içərisindəki ixtilafları, ittifaqları, toplantıları və ümumiyyətlə hərəkatın dinamikalarını bildiyi üçün, bunu bacarır ki, geniş küçə etirazları baş vermədən seçici bir şəkildə əsas şəxsləri həbs etsin,” o bildirib.

Politoloqun sözlərinə görə, İran höküməti bəzi hallarda fəalları həbs edərək, hərəkatın daxili və xaricində “hərəkatla bağlı rəvayətləri kontrol etməyə çalışır.”

SEE ALSO: Sina Mirzayi: Bu assimilyasiya sistemi ilə mübarizə üçün türk dilində daha çox yazıb və məzmun yaratmalıyıq

“Təhlükəsizlik qurumlarının bir hədəfi də əsas şəxsləri həbs edərək hərəkat və ya hərəkatla bağlı rivayəti də kontrol altına almağa çalışmaq ola bilər. Bu fəalları tutub və misal üçün onlara bölücü damğası vuranda, biz görürük ki, bəzi sosial media istifadəçiləri və ya İslam Cümhuriyyətinin trolları o rivayətə elə yön verirlər ki, bunlar bölücüdür və İslam Cümhuriyyəti bunları həbs edərək doğru iş edir,” Mirzayi söyləyib.

“Hakimiyyət hətta bəzən hərəkat içərisində də baxır görür ki, hansı ixtilaflar var. O, ixtilaflara görə də hətta strateji həbslər başladır...buna görə, biz özümüzlə sadiq olmalıyıq ki, İslam Cümhuriyyəti bir dövlət olaraq və təhlükəsizlik orqanlarının yardımı ilə bizi bəzən bizdən daha yaxşı tanıya bilir. Buna görə də diqqətli olmalıyıq ki, hər hansı tutulma və ya ödənən hər hansı bədəl olduğunda, bu İslam Cümhurriyyətinin əleyhinə yönləndirilsin. Buna diqqət etməliyik ki, tutulmalar ayrılığa deyil, birliyə yol açmalıdır,” Sina Mirzayi əlavə edib.