Qasım Boedi: İran hakimiyyəti ‘Əmr bil-məruf’ prinsipi ilə vətəndaş qarşıdurması yaradır

Qasım Boedi, hüquqşünas

İran höküməti xüsusilə son bir ildə vətəndaşlardan “Yaxşı əmələ təşviq və pis əməldən çəkindirmə” üzrə öz dini vəzifələrinə uyğun olaraq hicab qaydalarına riayət etməyən qadınlara sözlü xəbərdarlıq etmələrini tələb edir.

Hüquqşünas Qasım Boedi Amerikanın Səsinə müsahibədə “Əmr bil-məruf” (Yaxşı əmələ təşviq) prinsipinin İran qanunlarındakı yeri və hökümətin qadınların geyiminə nəzarəti gücləndirmək məqsədilə bu dini prinsipdən yararlandığını dəyərləndirib.

Your browser doesn’t support HTML5

Qasım Boedi: İran hakimiyyəti ‘Əmr bil-məruf’ prinsipi üzərindən vətəndaşları bir-birinin canına salmaq istəyir

Qasım Boedi hesab edir ki, hökümətin vətəndaşlardan qadınları geyimləri ilə bağlı xəbərdarlıq etmələrini istəməsi əhali arasında düşmənçiliklərin yaranmasına yol açar.

İslam Respublikası keçən ildən bəri şəriət qaydalarının tətbiqi və qadınların geyiminə nəzarəti gücləndirmək üçün yeni layihələr həyata keçirməyə başlayıb. Hökumət ticarət obyektlərini müştərilərin hicab və digər qaydalara riayət etmədiyi iddiası ilə möhürləyir. İran polisi kameralar vasitəsilə avtomobillərdə hicaba riayət etməyən qadın sərnişinləri müəyyən edərək onlara SMS xəbərdarlıq göndərir və avtomobillərə həbs qoyur.

“Əmr bil-məruf İran ana yasasında (konstitusiya) vardır. Amma biz o zaman bundan bəhs edə bilərik ki, qanun əsasında ola. Yəni, şəriətdə bir işin cəzası və ya günahı-savabı nədir, bunlar Allah və bəndəsi arasındadır. Qanunun olduğu yerdə bunlara daxil olmaq olmaz. Əmr bil-məruf mövzusunda əsasən millətin milləti deyil, millətin dövləti yaxşı əmələ təşviq etməsi çox önəmlidir. Yəni, əhali bu Əmr bil-məruf çərçivısində dövləti tənqid edə bilməlidir,” təbrizli vəkil bildirib.

Hüquqşünas İslam Respublikasının məcburi hicabı tətbiq etməkdə “aciz qaldığı üçün Əmr bil-məruf məsələsinə əl atdığını” deyib.

SEE ALSO: Həmədanda hicab məsələsinə görə yaşanan münaqişə ilə bağlı beş vətəndaş həbs edilib

“Təəssüflə keçən bir ildə buna əl atıblar və hər iş görürlər adını qoyurlar yaxşı əmələ təşviq. Mənim düşündüyüm budur ki, İran hakimiyyəti bilir ki, hicab məsələsi ilə bağlı etirazların qarşısını almaqda aciz qalıb. Hakimiyyət aciz qaldığı üçün istəyir bu şəriət prinsipindən istifadə edərək şəriətə inanan insanları başqalarının üstünə təhrik etsin,” Qasım Boedi söyləyib.

Onun sözlərinə görə, hakimiyyət siyasi hədəflərini təmin etmək üçün əhalini bir-birinin canına salmaq istəyir.

Boedi əlavə edib ki, “hakimiyyətin hədəfi şəriəti qorumaq, islamı qorumaq deyil. Bir sıra siyasi düşüncələri, bir sıra qırmızı xətləri vardır. Deyir ki, mənim qırmızı xətlərimi keçirlər. Bunun qarşısını almaq üçün faktiki olaraq milləti millətlə qarşı-qarşıya qoyur. Bu, məmləkətdə anarxiyaya yol açar. Hakimiyyət əhalini bir-birinin canına salmaq istəyir. Təəssüflə bunun pis təsirləri olacaq. Hakimiyyət bununla əhali arasında düşmənçilik yaradıb və bu vasitə ilə iqtidarının davam etməsini qarantiyaya almaq istəyir”.