Dekabrın 23-də III Respublika Platformasının həmtəsisçisi Araz Əliyev fiziki təzyiq tətbiq edilərək saxlanılıb.
Bu barədə vəkil Nemət Kərimli dekabrın 25-də Araz Əliyevlə görüşündən sonra Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, Əliyevi küçədə mülki geyimli şəxslər tutub və ona zərbələr endirərək zorla maşına mindiriblər.
“Araz Əliyev Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə aparılıb. Orada noutbukunu alıblar. Bundan sonra ona qarşı protokol tərtib edilib ki, guya "söyüş söyüb" və "polisə tabe olmayıb", o qeyd edib.
Vəkil fəalın həbsindən apellyasiya şikayəti verəcək və onun fiziki təzyiqə məruz qalması ilə bağlı prokurorluğa şikayət edəcək.
Dekabrın 24-də məhkəmə Araz Əliyevi İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisə tabe olmamaq) maddələrilə günahkar bilərək onun barəsində 25 sutka həbs qərarı verib.
Əliyevin həyat yoldaşı Gülarə İsmayılova bildirib ki, ona da təzyiq göstərilib.
O, dekabrın 24-də Daxili İşlər Nazirliyinin binası qarşısında təkbaşına etiraz aksiyası keçirərkən saxlanılıb.
İsmayılova dekabrın 23-də yoxa çıxan həyat yoldaşının taleyinin aydınlaşdırılmasını tələb edib.
Onu Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparıblar. İsmayılovanın sözlərinə görə, zabitlərdən biri onu gender-fəal kimi tanıyıb və etiraz aksiyalarında görərsə, həbslə hədələyib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Araz Əliyevin həbsini təsdiq etsə də onun və həyat yoldaşının fiziki təzyiqə məruz qalmasını təsdiq etməyib.
III Respublika Platformasının spikeri Akif Qurbanov Amerikanın Səsinə bildirib ki, Əliyevin saxlanılması III Respublika Platformasının fəaliyyətilə bağlıdır.
"Azərbaycanı qaranlıqdan çıxarmaq cəhdlərimizə görədir. Görünür III Respublika Platformasının indiki məqamda yaranması rejimi daha da narahat edib. Çünki iki missiyamızda dediyimiz kimi, idarə olunan cəmiyyətdən özünü idarə edən cəmiyyətə keçmək istəyirik. Əsas şüarımız: Tək Adama Deyil, Hüquqa İtaət Edirik. İnanın ki, hər qaranlığın sonunda mütləq bir işıq var. O işıq ölkəmizi çox keçməz qaranlıqdan çıxaracaq. Yaşasın III Respublika!” Akif Qurbanov Facebook səhifəsində qeyd edib.
7 dekabr 2023-cü ildə Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ildönümündə bir qrup ictimai-siyasi şəxs tərəfindən III Respublika Platforması adlı siyasi təşkilat yaradılıb.
NİDA Vətəndaş Hərəkatının bəyanatında isə deyilir ki, uzun illərdir tanıdıqları, çiyin-çiyinə mübarizə apardıqları Araz Əliyevə qarşı irəli sürülən istənilən ittiham saxtadır.
"Araz Əliyevin həbsinin son zamanlar məqsədyönlü şəkildə aparılan “prosesin” bir parçası olduğunu bildiririk. Araz Əliyevin həbsinin qanunsuz və əsassız olduğunu bir daha bildirmək istəyirik. Araz bəy mədəni, intellektual bir şəxsdir. Onun ictimai-siyasi fəaliyyəti və mövqeyi bu qanunsuz həbsi əsassız hesab etməyə əsas verir", sənəddə qeyd edilir.
NİDA Vətəmdaş Hərəkatı bildirir ki, noyabrın 20-dən Azərbaycanda aparılan "represiya siyasətinin" onlara da çatacağı məlum idi.
“AbzasMedia” platformasının rəhbərləri və əməkdaşları – Ülvi Həsənli, Sevinc Vafiqızı, Məhəmməd Kekalov, Nərgiz Absalamova və Hafiz Babalının həbsləri ilə başlanan repressiya dalğası, keçmiş polis əməkdaşı və hüquq müdafiəçisi İlhamiz Quliyev, jurnalistlər Əziz Orucov, Rüfət Muradlı və Teymur Kərimovun həbsləri ilə davam etdi. Daha sonra Milli Şuranın Кoordinasiya Mərkəzinin və Müsavat partiyasının üzvü Tofiq Yaqublu və ictimai fəal, İşçi Masasının üzvü Möhyəddin Orucovun da həbs edilməsi ilə yadda qaldı. Hökümətin “repressiya maşını” bu gün NİDA Vətəndaş Hərəkatına da çatıb", bəyanatda qeyd edilir.