NİDA Vətəndaş Hərəkatının və III Respublika Platformasının üzvü Araz Əliyev məhkəmənin qərarı ilə 25 sutka inzibati həbsə məhkum edilib.
Bu barədə Amerikanın Səsinin sorğusunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı təsdiq edib.
Hüquq mühafizə orqanlarındakı mənbələrdən Amerikanın Səsinə məlum olub ki, Araz Əliyev İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.
Həbsin detalları ilə bağlı hələ məlumat əldə etmək mümkün olmayıb.
Bu gün, dekabrın 24-də Araz Əliyevin həyat yoldaşı Gülarə İsmayılova Daxili İşlər Nazirliyinin binası qarşısında "Araz Əliyev haradadır?" yazılmış plakat qaldıraraq həyat yoldaşı barədə məlumat tələb edib. Polis plakatı onun əlindən alıb və İsmayılovanı Daxili İşlər Nazirliyinin binasının qarşısından uzaqlaşdırıb.
Araz Əliyevlə dekabrın 23-də Bakı vaxtı ilə saat 18 radələrindən əlaqə itib.
III Respublika Platformasının üzvü Akif Qurbanov Amerikanın Səsinə bildirib ki, Əliyevin saxlanılması III Respublika Platformasının fəaliyyətilə bağlıdır.
"Azərbaycanı qaranlıqdan çıxarmaq cəhdlərimizə görədir. Görünür III Respublika Platformasının indiki məqamda yaranması rejimi daha da narahat edib. Çünki iki missiyamızda dediyimiz kimi, idarə olunan cəmiyyətdən özünü idarə edən cəmiyyətə keçmək istəyirik. Əsas şüarımız: Tək Adama Deyil, Hüquqa İtaət Edirik. İnanın ki, hər qaranlığın sonunda mütləq bir işıq var. O işıq ölkəmizi çox keçməz qaranlıqdan çıxaracaq. Yaşasın III Respublika!” Akif Qurbanov Facebook səhifəsində qeyd edib.
Xatırladaq ki, 7 dekabr 2023-cü ildə, Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ildönümündə bir qrup ictimai-siyasi şəxs tərəfindən III Respublika Platforması adlı siyasi təşkilat yaradılıb.
Forum