Azərbaycan Mədəniyyət Nazirliyində və Kino Agentliyində aşkar edilən hüquqpozmalar prokurorluqda araşdırılacaq

Hesablama Palatası (Mənbə: Hesablama Palatası)

Hesablama Palatası Azərbaycan Mədəniyyət Nazirliyi və Kino Agentliyində yoxlamalar zamanı aşkar edilən hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin olma ehtimalını diqqətə alaraq materialları araşdırılmaq üçün Azərbaycan Baş Prokurorluğuna göndərib.

Bu barədə Hesablama Palatası məlumat yayıb.

Belə ki, Hesablama Palatasının auditi Mədəniyyət Nazirliyi və Kino Agentliyi tərəfindən dövlət sifarişi ilə filmlərin çəkilməsi və kino tədbirlərinin keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinin, eləcə də kinostudiyalar tərəfindən dövlət vəsaitinin və dövlət əmlakının idarə olunmasının hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsi məqsədini daşıyıb. Audit 2022-ci ili və 2023-cü ilin avqustun 1-dək olan dövrü əhatə edib.

"Nazirlik və Agentlikdən əlavə olaraq C. Cabbarlı adına "Azərbaycanfilm", "Salnamə" və "Filming Azerbaijan" studiyaları, eləcə də, Azərbaycan Dövlət Film Fondu auditlə əhatə olunub. Auditlə əhatə olunan dövrdə tabelikdə olan studiyalara dövlət vəsaiti ayrılmayıb və icra edilməyib. Auditlə ümumilikdə 10,7 milyon manat vəsait əhatə edilib”, məlumatda qeyd edilir.

Audit zamanı müəyyən edilib ki, dövlət vəsaitlərinə tələbat və icra göstəriciləri arasında kəskin fərqlər olub, filmlərin istehsalında ilkin olaraq özəl studiyaların iştirakı proqnozlaşdırılmasa da, il ərzində bu studiyalara 9 film ilə bağlı vəsait ödənilib.

"İcra zamanı ilkin nəzərdə tutulandan 2,7 dəfə az sayda bədii film çəkilib, 1 filmə proqnozlaşdırılmış məbləğdən 34,8 faiz daha çox vəsait sərf edilib. Cari auditlə keçirilmiş müsabiqələrin nəticəsi kimi seçilmiş layihə və ssenarilər üzrə müqavilələrin bir çox hallarda bağlanılmadığı, növbəti illərdə isə yenidən analoji müsabiqələrin keçirildiyi müəyyən olunub, 2015-2020-ci illərdə 282,5 min manat məbləğində satın alınmış 20 ssenari üzrə film istehsal edilməyib. 2022-ci ili əhatə edən müsabiqə gecikdirmələrlə icra olunub, 2023-cü ildə isə auditin əhatə etdiyi dövrün sonunadək müqavilələr bağlanılmayıb və layihələrin icrası təmin olunmayıb, vəsaitin icra səviyyəsinin aşağı olması da məhz bu amillərlə bağlı olub. Auditin əhatə etdiyi illərdə müsabiqələrdə iştirak etməyən filmlər də maliyyələşdirilib, 2 dövlət studiyasına 922,1 min manat, digər studiyalar üzrə 6 filmə 3,5 milyon manat büdcə vəsaiti əvvəlki illərdə müsabiqədənkənar layihələr üzrə yönəldilib".

2022-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə bağlanmış 3, "Salnamə" studiyası ilə bağlanmış 1 müqavilənin icrası başa çatdırılmayıb, həmin müqavilələr üzrə 304,7 min manat vəsait ödənilib.

"Filmin başa çatdırılmaması səbəbindən bir sıra hallarda əlavələr edilməklə müqavilənin icra müddətinin uzadılıb və bu halların 3 milyon manata yaxın vəsaiti əhatə etdiyi müəyyən olunub".

Heablama Palatası bildirir ki, filmlərin gecikdirmələrlə başa çatdırılması və ya konservasiya edilməsi kino istehsalı üzrə fəaliyyətin müasir çağırışlara uyğunlaşmadığı nəticəsini formalaşdırıb.

"Belə ki, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına filmlərin nümayiş hüququna görə vəsait əsasən sovetlər dövründə istehsal olunmuş filmlərin nümayişindən daxil olub, dövlət sifarişi ilə istehsal olunan filmlərin nümayişi ilə bağlı Mədəniyyət Nazirliyinin tabeliyində olan "Nizami" Kino Mərkəzində 2022-ci ildə cəmi 8, 2023-cü ilin yanvar-iyul aylarında isə cəmi 14 milli film nümayiş etdirilib və bu filmlərin hamısı özəl kinostudiyalarda istehsal olunub", məlumatda qeyd edilib.