Dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsində araşdırmaçı jurnalist Hafiz Babalı barəsində verilmiş dörd apellyasiya şikayəti təmin edilməyib. Bu barədə vəkil Rəsul Cəfərov Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, ilk baxılan apellyasiya şikayəti jurnalist Hafiz Babalı barəsində Bakının Xətai Rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsindən verilən qərarla bağlı olub.
Vəkil qeyd edib ki, məhkəmə Hafiz Babalının həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib.
“İkinci iş maliyyə məlumatlarının əldə edilməsi ilə bağlı idi. Üçüncü iş onun bank hesablarına qoyulan həbslə bağlı idi. Dördüncü iş isə yenə də bankomatlardan pul çıxarılması, qeyri-kommersiya qurumlarında təmsilçiliyi, onun əlaqələri və s bu kimi məlumatların alınması ilə bağlı idi. Bu işlərin hamısı Xətai Rayon Məhkəməsinin çıxardığı qərarlardan verilən şikayətlər idi. Bu iki qərar hələ Hafiz Babalı azadlıqda olarkən şikayətlər vermişdir. Həmin şikayətlərin də heç biri təmin olunmadı”, vəkil bildirib.
Rəsul Cəfərovun sözlərinə görə, bugünkü məhkəmə proseslərində araşdırmaçı jurnalist Hafiz Babalı iştirak edib.
Vəkil qeyd edib ki, jurnalist çıxışında ona verilmiş ittihamlarla razılaşmayıb.
“Səhhəti normaldır. Saxlanılması ilə bağlı hər hansı bir məsələnin olmadığını bildirdi. Ölkədaxili hüquqi mexanizmlər artıq yekunlaşıb həbs qətimkan tədbiri ilə bağlı. Bu məsələdə son instansiya apellyasiya məhkəməsi idi. Ona görə də, özünün istəyi və ya tələbi olacaqsa, Avropa İnsan Haqları Məhkəməsinə müvafiq şikayətlər göndəriləcək”, vəkil əlavə edib.
Dekabrın 13-də Turan Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı "xarici valyuta qaçaqmalçılığı" ittihamı ilə saxlanılıb. O, "Abzas Media" jurnalistlərinin işi üzrə istintaqa cəlb edilib.
Dekabrın 14-də Xətai Rayon Məhkəməsi Hafiz Babalı barəsində 3 ay həbs qətimkan tədbiri seçib.
Araşdırmaçı jurnalistin həbsi çoxsaylı beynəlxalq təşkilatllar, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.
Babalı son günlər Azərbaycanda həbs edilən 8-ci jurnalistdir.