Jurnalistləri Mudafiə Komitəsi (CPJ) bazar ertəsi yaydığı növbəti bəyanatında Azərbaycan hakimiyyətini jurnalist Rüfət Muradlını azad etməyə, müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa çağırıb.
“Kanal 13” internet televiziyasının aparıcısı, siyasi fəal Rüfət Muradlı “Abzas Media” xəbər saytının həbsdə olan baş redaktoru Sevinc Vaqifqızının evində çəkilişdən qayıdarkən saxlanılıb, İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə günahlandıraraq dekabrın 2-si Xətai Rayon Məhkəməsi tərəfindən 30 sutka inzibati həbsə məhkum edilib.
Jurnalistin yaxınları onun həbsini peşə fəaliyyəti, “Kanal 13” və digər müstəqil media qurumlarına qarşı təzyiqlərlə bağlı olduğunu qeyd edib.
“İki həftədən az müddətdə həbs edilən altıncı azərbaycanlı jurnalist Rüfət Muradlının həmkarları kimi saxta və qondarma ittihamlarla məhkum edildiyi görünür. Azərbaycan hakimiyyəti Muradlını və digər haqsız yerə həbs edilən jurnalistləri dərhal azad etməli və müstəqil mətbuata təzyiqləri dayandırmalıdır”, CPJ nümayəndəsi Karlos Martinez de la Serna deyib.
Bu ilin fevral ayında fotojurnalist Vəli Şükürzadənin xuliqanlıq və polisin əmrinə tabe olmamaq itttihamı ilə 30 sutkalıq inzibati həbsə məhkum edildiyini xatırladan CPJ, insan hüquqları təşkilatlarına istinadən Azərbaycan hakimiyyətinin hökumət tənqidçilərinə qarşı qondarma xuliqanlıq ittihamlarından tez-tez istifadə etdiyini qeyd edib.
Bundan əvvəl, noyabrın 28-də “Kanal 13” internet televiziyasının rəhbəri və təsisçisi Əziz Orucov barəsində 3 aylıq həbs qətimkan tədbiri çıxarılıb. Torpaq üzərində mülkiyyət hüququnu pozmaqda günahlandırılan Əziz Orucov ittihamları rədd edib və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini qeyd edib.
SEE ALSO: "Kanal13" internet televiziyasının jurnalisti həbsə məhkum edilibNoyabrın 20-dən bəri Azərbaycanda altı jurnalist həbs edilib. Korrupsiya araşdırmaları ilə tanınan “Abzas Media” xəbər saytının direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov və reportyor Nərgiz Absalamova “qaçaqmalçılıq” ittihamı ilə tutulub, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi onlar barəsində müvafiq olaraq 4 ay, 3 ay 29 gün, 3 ay 27 gün və 3 ay müddətində həbs-qətimkan tədbiri seçib.
Jurnalistləri Müdafiə Komitəsi ilə yanaşı Sərhədsiz Reportyorlar, Amnesty International, Norveç Helsinki Komitəsi və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıblar.