Jurnalistləri Müdafiə Komitəsi Nərgiz Absalamovanın həbsini pisləyib

Nərgiz Absalamova, jurnalist

Jurnalistləri Mudafiə Komitəsi (CPJ) jurnalist Nərgiz Absalamovanın həbsini pisləyib, Azərbaycan hakimiyyətini onu və “Abzas Media” saytının həbs edilən digər jurnalistlərini azad etməyə çağırıb.

“Abzas Media jurnalistlərinin həbslərinin davam etməsi qəbuledilməzdir. Həbslər yalnız onu göstərir ki, Azərbaycan hakimiyyəti media orqanını cəsarətli antikorrupsiya xəbərlərinə görə bağışlamaq iqtidarında deyil”, CPJ nümayəndəsi Karlos Martinez de la Serna deyib.

Nərgiz Absalamova noyabrın 30-u Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və daha sonra saxlanılıb. Dekabrın 1-də Xətai Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. “Abzas Media”nın həbs edilən digər jurnalistləri kimi Absalamovaya qarşı da “qaçaqmalçılıq” ittihamı irəli sürülüb.

Korrupsiya araşdırmaları ilə tanınan “Abzas Media” xəbər saytının jurnalistləri onlara qarşı irəli sürülən ittihamları qəbul etmir və həbslərinin peşə fəaliyyətləri, xüsusən də yüksək səviyyəli məmurların korrupsiyasına dair araşdırmaları ilə əlaqəli olduğunu qeyd edir.

“Jurnalistlər ictimai maraqlara xidmət edən reportajlarına görə cəzalandırılmamlı və ya diplomatik çəkişmələrə alət edilməməlidir. Azərbaycan hakimiyyəti Nərgiz Absalamovanı, onun “Abzas Media”dan olan həmkarlarını və bütün digər haqsız yerə həbs edilən jurnalistləri dərhal azad etməlidir”, CPJ cümə günü yaydığı bəyanatda vurğulayıb.

Daha əvvəl “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və saytla əməkdaşlıq edən Məhəmməd Kekalov “qaçaqmalçılıq” ittihamı ilə tutulub, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi onlar barəsində müvafiq olaraq 4 ay, 3 ay 29 gün və 3 ay 27 gün həbs-qətimkan tədbiri seçib.

Noyabrın 28-də daha bir jurnalist - “Kanal 13” internet televiziyasının rəhbəri və təsisçisi Əziz Orucov barəsində 3 aylıq həbs qətimkan tədbiri çıxarılıb. Cinayət Məcəlləsinin 188.2 maddəsi (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma _ icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edib və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini qeyd edib.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıblar.