Noyabrın 27-də Bakı şəhərində Azərbaycan müdafiə naziri Zakir Həsənov, Türkiyə milli müdafiə naziri Yaşar Güler və Gürcüstan müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli görüş keçirilib.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, üçtərəfli görüşdə regionun təhlükəsizliyinə təhdid törədə biləcək amillərlə mübarizədə səylərin birləşdirilməsinin vacibliyi qeyd olunub.
“Müdafiə nazirləri üçtərəfli təlim və treninqlərin əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Müdafiə sahəsində üçtərəfli əməkdaşlığın genişlənməsinin sadəcə ölkələrimiz üçün deyil, eləcə də bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə də öz töhfəsini verəcəyinə əminlik ifadə olunub. Görüşdə hərbi, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər aspektlər barədə ətraflı fikir mübadiləsi aparılıb”, məlumatda qeyd edilir.
Üçtərəfli görüşün yekununa dair protokol imzalanıb.
Azərbaycan müdafiə naziri Zakir Həsənov bildirib ki, üçtərəfli görüşlər regionda sülhə töhfə verilməsi baxımından əhəmiyyətlidir.
“Dövlət başçılarının ənənəvi görüşlərini nəzərə alaraq, müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi bizim vəzifəmizdir”, nazir qeyd edib.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib ki, Azərbaycan, Gürcüstan, Türkiyə hərbi əlaqələrin ən sıx olduğu ölkələrdir.
“Azərbaycan-Gürcüstan-Türkiyə arasında əlaqələr strateji əhəmiyyət kəsb edir”, Yaşar Güler qeyd edib.
Nazir bildirib ki, Türkiyə münasibətləri inkişaf etdirməkdə qərarlıdır.
“Qafqazda sabitliyin olması üçün çalışırıq. Azərbaycan torpaqlarını işğaldan azad edib. Region ölkələri öz problemlərini özləri həll edə bilər. Bunu beynəlxalq ictimaiyyətə göstərmək üçün Yerevan və Bakı arasında təmasları dəstəkləyirik. “3+3” platformasının problemlərin sülh yolu ilə həll üçün yaxşı format olduğunu düşünürük", nazir bildirib.
Yaşar Gülər söyləyib ki, Azərbaycanın NATO təlimlərində iştirakının artırılmasını istəyir.
Yaşar Güler həmçinin deyib ki, gələn il Türkiyədə hər üç ölkənin kiberhücumlarla bağlı birgə təlimi keçiriləcək.