Abzas Media xəbər saytının baş redaktoru Sevinc Vaqifqızına qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə qaçalmalçılıq) maddəsi ilə cinayət işi açılıb.
Bu barədə vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib.
“Sevinc Vaqifqızı şübhəli şəxs qismində 48 saat Bakı şəhər Baş Polis İdarəsində saxlanılıb. Bu gün günortadan sonra müəyyən istintaq hərəkətləri aparılacaq”, o deyib
Vəkilin sözlərinə görə, ola bilsin noyabrın 21-də axşam saatlarında Bakı şəhəri Xətai Rayon Məhkəməsi Sevinc Vaqifqızı barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məsələyə baxsın.
“Ümumiyyətlə ortada hər hansı bir sübut yoxdur. Sevinc Vaqifqızı bildirib ki, onun həbs olunması Abzas Medianın tənqidi fəaliyyətinə görədir və siyasidir. Çox yorğun idi. Yəqin ki, müvəqqəti saxlanılma yerinə aparılacaq. O dedi ki, evdən polis idarəsinə gətiriləndə qollarından polislər sıxıb və qollarında ağrılar var", Sadıqov qeyd edib.
Abzas Media xəbər saytının baş redaktoru Sevinc Vaqifqızı xarici səfərdən Bakıya dönərkən hava limanında saxlanılıb.
Hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə bildirib ki, jurnalistin həbsi azad mediaya qarşı hökumətin repressiv tədbirləridir.
"Abzas Media yüksək vəzifəli şəxslərin korrupsiyaçı fəaliyyətini araşdırma materialları ilə ifşa etməkdədir. Hakimiyyət dairələri Abzas Medianın timsalında tənqidi informasiyalara, araşdırmalara - gözlənildiyi kimi - dözmədi. Digər tərəfdən, son dövrlər Qərb Azərbaycan hakimiyyətinə qarşı təzyiqlərini artırıb. Rəsmi Bakı isə siyasi ağırlıqlı təqiblərlə cavab verməyi üstün tutur. Məncə, hazırkı repressiya dalğasında yeni-yeni siyasi həbslərə şahidlik edəcəyik", Səfərov deyib.
Azərbaycanın rəsmi hüquq mühafizə orqanları hələlik bununla bağlı rəsmi açıqlama verməyib.
Bundan öncə Abzas Media xəbər saytının direktoru Ülvi Həsənliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (Qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham elan edilib.
Ülvi Həsənli ittihamı qəbul etmir, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.