Bu ilin avqustunda Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan Ermənistan vətəndaşı Beqlaryan Raşid Aramayisi barəsində müharibə cinayətləri ilə bağlı ittiham irəli sürülərək həbs olunub. Bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.
Məlumatda deyilir ki, Beqlaryan Azərbaycan Cinayət Məcəlləsinin 112 (Beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (İşgəncə), 115.2 ( Müharibə qanunlarını və adətlərini pozma), 279.1 (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.1-ci (Qanunsuz miqrasiyanın təşkili) maddələri ilə ittiham olunur.
“Raşid Beqlaryan əvvəllər azadlıqları məhdudlaşdırılmaqla Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı əsirlərə və beynəlxalq humanitar hüquqla müdafiə olunan başqa şəxslərə işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayəti kimi digər ağır cinayət əməllərini törətməkdə, həmçinin qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətində digər formada iştirak etməkdə şübhəli bilinir,” DTX qeyd edib.
Ermənistan rəsmiləri yeni ittihamnaməyə hələlik reaksiya verməyiblər. Erməni mənbələr Beqlaryanın avqust ayında sərxoş halda yaşadığı kəndi tərk etdiyini və azaraq Azərbaycanın nəzarətində olan əraziyə keçdiyini, orada Azərbaycan sərhədçiləri tərəfindən həbs edildiyini bildirib. Yerevan Avropa Məhkəməsinə Beqlaryanın hüquqlarının qorunması ilə bağlı müraciət edib.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda deyilir ki, qeyd olunan işgəncələrə məruz qalmış həmin şəxslər müəyyən edilərək hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb. DTX həmçinin Raşid Beqlaryanın 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olduğunu bildirir.
Rəşid Beqleryanın bu il avqustun 1-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozarkən saxlanıldığı bildirilir.
Bundan öncə bu il noyabrın 7-də Azərbaycan məhkəməsinin hökmü ilə Birinci Qarabağ müharibəsində müharibə cinayətlərində ittiham olunan Qarabağın erməni sakini Vaqif Xaçaturyan 15 il müddətinə azadlıqdan məhrum edilib.
O, 1992-ci ildə Xocalı sakinlərinə qarşı qırğınlarda, eləcə də mülki əhalini deportasiya etmə və ya məburi köçürmədə ittiham edilib.
Məhkəmə zamanı son sözündə Vaqif Xaçaturyan Xocalı qırğınlarında iştirak etmədiyini deyib.
Ermənistanın rəsmi qurumları Azərbaycanda istintaq olunan vətəndaşlarının günahı olamdığını bildirir və onların dərhal azadlığa buraxılmasını tələb edir.