Accessibility links

Xocalı faciəsinin 26-ci ildönümü anılır [Fotoqalereya]


1992-ci il fevralın 26-da Xocalı şəhərinin 613 dinc sakin qətlə yetirilib

Fevralın 26-da Azərbaycanda Xocalı faciəsinin 26-ci ildönümü qeyd edilir.

Azərbaycan prezidenti, hökumət üzvləri, deputatlar, diplomatik korpusların rəhbərləri, on minlərlə insan Bakının Xətai rayonunda Xocalı qurbanlarının faciəsini əks etdirən “Ana fəryadı” abidəsini ziyarət edib. Abidənin üzərində Xocalı faciəsi zamanı həyatını itirmiş insanların adları həkk olunub.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan ikinci böyük yaşayış məntəqəsi olan Xocalı şəhəri Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbçiləri və döyüş texnikasının fəal iştirakı ilə erməni qüvvələr tərəfindən silahlı nəzarətə götürülüb.

Şəhərin ələ keçirilməsi zamanı qadınlar, uşaqlar və qocalar da daxil olmaqla çox sayda dinc insan qətlə yetirilib. Ümumilikdə, 613 dinc sakin qətlə yetirilib, onların 106 nəfəri qadın, 83 nəfəri uşaq idi. Minlərlə insan müxtəlif dərəcəli əlil olub (76 nəfəri yetkinlik yaşına çatmayanlardır), 1275 nəfər əsir götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.

Xocalı faciəsi barədə faktlar yerli və xarici jurnalistlər tərəfindən çəkilmiş foto və videokadrlarda əksini tapıb.

Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev bildirib ki, istintaq zamanı Xocalıda cinayətlərin törədilməsində 39 nəfərin iştirak etdiyi müəyyən edilib. Onların 18-i keçmiş Sovet Ordusunun 366-cı alayın hərbçiləri, 8-i Xankəndi və Əsgəran daxili işlər şöbələrinin əməkdaşları, 5 nəfəri digər vəzifəli şəxs, 8 nəfəri mülki şəxsdir.

Həmin şəxslərin barəsində soyqırım (Azərbaycan Cinayət Məcəlləsinin 103-cü maddəsi) ittihamı üzrə axtarış elan edilib. Onlar həmçinin Azərbaycan Cinayət Məcəlləsinin 107 (əhalinin deportasiyası), 113 (işgəncə), 115.4 (müharibə qanun və qaydalarının pozulması), 116.0.17 (zorlama, seksual zorakılıq və s.) təqsirli bilinirlər. İndiyədək bu cinayətlərin törədilməsdində təqsirkar olan 2089 nəfər aşkar edilib, Xanlar Vəliyev bildirib.

Azərbaycan Milli Məclisi bir neçə dəfə dünya ictimaiyyəti, hökumətlər və parlamentlərin ünvanına Xocalı faciəsini tanımaq və pisləmək çağırışı ilə xüsusi bəyanatlar qəbul edib.

Son illər Meksika parlamentinin Senatı və Nümayəndələr Palatası, Pakistanın parlament komitəsi, Çexiya parlamentinin Xarici İşlər Komitəsi, ABŞ-ın 22 ştatının qanunverici orqanları bu hadisələri kütləvi qətl və insanlığa qarşı cinayət kimi tanıyan sənədlər qəbul edib.

XS
SM
MD
LG