İranda Əlil vətəndaşlar Ərdəbil və Ərak şəhərlərində ölkənin digər şəhərləri ilə birgə etiraz aksiyası keçiriblər.
Əlillər Kampaniyası Telegram kanalında yayımlanan məlumata görə, ölkədə fiziki məhdudiyyətli şəxslər noyabrın 19-da İranın Kərəc, Ərdəbil, Bürucird, Sari, Çabahar, Ərak, Əhvaz, Kirmanşah və Təfriş şəhərlərində "əlillərin hüquqlarının müdafiəsi haqqında qanunun" icra olunmamasına etiraz olaraq Rifah İdarəsi binalarının qarşısında aksiya keçirib.
Noyabrın 18-də isə Məşhəd şəhərində əlil vətəndaşlar pisləşən məişət vəziyyəti və hüquqlarının təmin edilmədiyi üçün etiraz mitinqi keçirib.
Əlillərin Hüquqlarının Müdafiəsi Kampaniyasının Telegram kanalı bundan əvvəl noyabrın 18-i və 19-u üçün etiraz aksiyalarına çağırış dərc etmişdi.
Yayılan bəyanatda ölkədəki bütün əlillərdən və onların ailələrindən hər bir şəhərin Rifah İdarəsinin qarşısına toplanara, hökumətin 5 ildir əlillərə dəstək ilə bağlı məclisdə qəbul olunan qanunu icra etməməsinə etiraz etmələri xahiş olunub.
Ölkə daxilində əlillərin keçirdiyi bütün etiraz toplantılarında əllərində oxşar plakatlar tutan etirazçılar əlillər haqqında qanunun 27-ci maddəsinin icrasını tələb ediblər.
2018-ci ilin aprelində İran parlamentində qəbul edilən bu qanunun 27-ci maddəsinə əsasən, hökumət ciddi əlilliyi olan və ya işi və gəliri olmayan əlil şəxslərə minimum illik əməkhaqqı məbləğində sosial müavinəti verməyə görə məsuliyyət daşıyır.
İranda müəllimlər, işçilər və təqaüdçülər kimi müxtəlif qruplara aid vətəndaşlar bir çox iqtisadi və dolanışıq problemlərinə görə davamlı olaraq etiraz aksiyaları keçirir.