Ərdəbil vilayətinin valisi Hamid Amili keçirilən bir iclasda bildirib ki, vilayət xəstəxanalarının çarpayılarının sayını 2000 çarpayıdan 3700 çarpayıya çatdırmaq lazımdır. Onun sözlərinə görə, 1700 xəstəxana çarpayısının olmaması xəstələrə uyğun xidmətin göstərilməsinə mane olub.
Xəstəxana çarpayılarının olmaması müəyyən mənada xəstəxanaların azlığı və yeni xəstəxanaların tikilməsi zərurəti deməkdir. Baxmayaraq ki, mövcud xəstəxanaların tutumunun artırılması bu çatışmazlığı müəyyən qədər həll edə bilər.
Ötən ilin may ayında Ərdəbil Tibb Elmləri Universitetinin rektoru Əli Məhəmmədiyanərdi vilayətdə 1800 xəstəxana çarpayısının olduğunu bildirmiş və bu rəqəmi ölkə üzrə orta göstərici ilə müqayisədə “çox aşağı” olaraq ifadə etmişdi.
Həmçinin Ərdəbil şəhərinin meri Məhəmməd Etimad-Ecazi bu ilin sentyabrında Ərdəbil şəhərində min xəstəxana çarpayısına ehtiyac duyulduğunu açıqlamışdı. Beləliklə, görünür ki, vilayətdə 1700 çarpayı çatışmazlığının əksəriyyəti vilayətin mərkəzi üçün olub.
İran mediasında bu barədə sadə axtarış göstərir ki, həmin vilayətdə xəstəxanaların tutumunun çatışmazlığı problemi uzun illərdir ki, mövcuddur və bu problem hələ də həllini tapmayıb.
Mehr xəbər agentliyində dərc olunan məlumata görə, Ərdəbilli parlamentar Mustafa Əfzəlifərd düz on il əvvəl 2013-cü ilin sentyabrında bu vilayətdə 1700 xəstəxana çarpayısının çatışmazlığı barədə məlumat vermişdi. O, tibb sahəsində kadr çatışmazlığı, o cümlədən həkim çatışmazlığından da söz açmışdı.
Ərdəbil vilayətində xəstəxana imkanlarının olmaması o dərəcədədir ki, bu vilayətin sakinləri Əhər şəhərinə müraciət edirlər. Bu barədə Şərqi Azərbaycan vilayətinin Əhər şəhərinin meri Əbülfəzl Qənizadə bu şəhərdəki xəstəxanalardan birindən ziyarət etdiyi zamanı İran mediasına açıqlayıb.