Azərbaycan Milli Məclisinin noyabrın 13-də keçirilən iclasında dövlət büdcəsinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib ki, bank sektorunun dayanıqlılığı diqqətdə saxlanılır.
Mərkəzi Bankın sədri qeyd edib ki, hazırda sektorda kapital mövqeyi minimum tələbi iki dəfə üstələyir.
“Sahibkarların maliyyə imkanlarına çıxışı genişləndirilir. 9 ayda kredit portfelimiz 14 %, biznes kreditləri isə 11 % artıb. Biznes kreditləri ümumi kredit portfelinin 54 %-ni təşkil edir. Valyuta kreditlərinin payı 19 %-a enib, bu da tarixi minimumdur. Kredit portfelinin keyfiyyəti qənaətbəxşdir. Qeyri-işlək kredit portfeli 3,5 % səviyyəsinə enib” - deyə, Kazımov əlavə edib.
Onun sözlərinə görə, cari 9 ayda milli valyutada əhalinin əmanətləri 15,6 % və ya 1,1 milyard manat artaraq 8 milyard manat təşkil edib.
İqtisadi Təhlil İnstitutunun rəhbəri Məmməd Talıblı Amerikanın Səsinə müsahibəsində bildirib ki, Mərkəzi Bankın bank-kredit sektorunu tənzimləməsi ilə bağlı çox sayda monetar alətləri var.
Onun sözlərinə görə, onlardan istifadə etmək hesabına bank sektorunda həm elektron bankçılığın inkişaf etdirilməsi, həm də banklarda sağlam rəqabətin təşviqi nöqteyi nəzərindən bir çox işlər görə bilər.
“Onlardan biri, məsələn, xarici mənşəli bankların ölkəyə buraxılması üçün bank sektorunda rəqabəti təşviq edə biləcək dərəcədə məhdudiyyətlərin aradan qaldırılması ola bilər. Amma Azərbaycanda reallıq bundan ibarətdir ki, bank sektorunda xarici mənşəli bankların daxil olmasında müəyyən məhdudiyyətlər mövcuddur”, Məmməd Talıblı bildirib.