“Demokratik Azərbaycanı Seç” təşkilatı Azərbaycanda insan hüquqlarının pozulmasını pisləyən bəyanatla çıxış edib

Demokratik Azərbaycanı Seç-DAS təşkilatı

"Demokratik Azərbaycanı Seç" Təşkilatı (DAS) Azərbaycanda insan haqlarının pozulmasını kəskin pisləyən bəyanatla çıxış edib.

Təşkilatın ümumi yığıncağının noyabrın 4-də qəbul etdiyi bəyanatda ölkədə mövcud “avtoritar rejim altında insan hüquqlarının davamlı və geniş şəkildə pozulduğu” vurğulanır.

Sənəddə deyilir ki, bu pozuntular həyəcanverici bir tezliklə baş verir, jurnalistlər, siyasi fəallar, müxalifət partiyalarının üzvləri, ictimai və siyasi fəal vətəndaşlar və ictimai təşkilatlar da daxil olmaqla geniş bir qrupa qarşı yönəldilmişdir.

"Ölkədə insan hüquqlarının pozulması halları polis orqanlarında, məhkəmə instansiyalarında, Müvəqqəti Saxlanma Təcridxanalarında, Cəzaçəkmə müəssisələrində şəxslərin saxlanılması, dindirilməsi, istintaq hərəkətlərinin həyata keçirilməsi, müdafənin təmin olunması, saxlanma şəraitinin vəziyyəti, səhiyyə xidmətlərinin təşkili zamanı rast gəlinir. Həmin şəxslərə qarşı narkotika, başqasına fiziki xəsarət yetirmə, vergidən yayınma, saxta pul dövriyyəsi, rüşvətalma, başqa dövlətlərin maraqlarına xidmət etmə adı altında cinayət işi açılmışdır. Deyilənlərə misal olaraq Qərb ölkələrinin aparıcı universitetlərində dərs deyən professor Qubad İbadoğlunun həbsini, vəkil Elçin Sadıqovun saxlanılmasını və vəkillik fəaliyyətindən kənarlaşdırılmasını, jurnalistlərin həbs edilməsini, müxalifət partiyası rəhbərlərinin ailə üzvlərinin həbsi və ya şantaj edilməsi, inanclı insanlara qarşı kütləvi şəkildə həbsləri, o cümlədən Almaniyadan deport edildikdən sonra siyasi mövqeyinə görə Azərbaycanda həbs edilən və işgəncə görən şəxsləri (o cümlədən DAS təşkilatının üzvü Cəfər Mirzəyev, Anar Əliyev və digər) qeyd etmək olar", sənəddə qeyd edilir.

“Bu ciddi narahatlıqlara cavab olaraq DAS öz mövqeyini ardıcıl şəkildə ifadə etdi, beynəlxalq təşkilatlara məlumat verdi və müvafiq dövlət qurumları qarşısında etiraz aksiyaları təşkil etdi. Lakin təşkilat bəzən tənqidlərlə üzləşir və ya xüsusilə Qarabağ məsələsi kontekstində dövlət maraqlarına etinasızlıq kimi təsvir edilir”, sənəddə qeyd edilir.

Mövqeyini aydınlaşdırmaq və anlaşılmazlıqları aradan qaldırmaq üçün DAS bir neçə əsas məqamı vurğulayır: “DAS təşkilatı hər hansı bir siyasi ideologiyaya, dini təriqətə və ya sosial qrupa bağlı deyil. DAS digər siyasi partiyalar və ictimai təşkilatlarla birlikdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Təşkilat Azərbaycanda bütün etnik, milli, dini, sosial və siyasi qrupların əsas hüquq və azadlıqlarının beynəlxalq insan hüquqları standartlarına və Azərbaycan qanunvericiliyinə uyğun dəstəklənməsinə sadiqdir. Təşkilat, tənqidi düşüncəli şəxslərə qarşı inzibati, siyasi tədbirlərə, həbslərə və işgəncələrə qarşı mövqeyini ifadə etmək öhdəliyini təsdiqləyir. DAS insan hüquqlarının qorunmasına və vətəndaş azadlıqlarının təbliğinə sadiqliyini vurğulayır, eyni zamanda Azərbaycan cəmiyyətinin çalışan tərəfsiz təşkilat kimi mövqeyini açıqlayır”, bəyanatda qeyd edilir.

Öz növbəsində Azərbaycan hakimiyyəti insan hüquqları ilə bağlı tənqidləri qəbul etmir, ölkədə insanların fundamental hüquqlarının tam təmin edildiyini bəyan edir. Bununla yanaşı, Azərbaycanın hüquq müdafiəçiləri ölkədə 235 siyasi məhbus olduğunu bildirir.

“Demokratik Azərbaycanı Seç” (DAS) təşkilatı 3 iyun 2018-ci ildə Almaniyada yaşayan bir qrup mühacir azərbaycanlılar tərəfindən təsis edilib.