Bu yaxınlarda sosial şəbəkələrdə həkim olduğu güman edilən bir şəxsin bir uşağa Q hərfini İranda standart qəbul edilən fars şivəsi ilə tələffüz etməyi öyrətdiyi göstərilən video İran Azərbaycanında geniş reaksiyalara səbəb olub.
Sosioloq Ural Hatəmi Amerikanın Səsinə müsahibədə bu görüntülərin İranda assimilyasiyanın nə səviyyəyə çatdığını göstərdiyini vurğulayıb.
"Danışmaq terapiyasının çox fərqli bir tərifi var. Bu videoda yaşanan hadisə çox bəsit bir hadisədir. Uşaq fars dilində hakim olan şivəni danışa bilmir. Dəqiq məlumatımız yoxdur ki, onun ailəsi istəyərək uşağı o şəkildə o hərfi tələffüz etməyə götürüb və ya məktəbdən ya başqa yerdən zorla götürüblər. Hər halda ailə buna boyun əyib. Bu da İranda assimilyasiyanın nə səviyyəyə gəlib çatdığını göstərir," Hatəmi söyləyir.
İradan kino ekran və televiziyada nümayiş edilən komediyalarda türk obrazını canlandıran oyunçular rollarını ləhcə təqlidi ilə ifa edərək adətən Q, K, G, Ç və C kimi hərflərdəki tələffüz fərqini şişirdirlər. Keçən həftələrdə isə fars dilində videolar paylaşan və Instagram fenomeni kimi tanınan Amirpiva ləqəbli bir türk yeniyetmə Q hərfini Tehran şivəsindən fərqli tələffüz etdiyi üçün çox sayda istifadəçi tərəfindən lağa qoyulmuşdu.
Your browser doesn’t support HTML5
İran Azərbaycanında mədəni fəallar və sosial media istifadəçiləri son həftələrdə gündəmə gələn fərqli tələffüz mövzusuna reaksiya göstəriblər. Bəzi fəallar bu hadisələri İranda "farslaşdırma", "ayrıseçkilik", və "assimilyasiya" siyasətinin nümunələri kimi dəyərləndirir.
Tehranda yaşayan yazar və türk dili müəllimi Həsən Raşidi öz X sosial şəbəkə hesabında yazıb ki, "türk şagirdlərə elm öyrətmək yerinə, onları zorla Q hərfini fars ləhcəsi ilə tələffüz etməyə məcbur edirlər."
SEE ALSO: Mədəniyyət İdarəsi: Türkcə kitablara çap icazəsi üçün 'İran Azərbaycanının əsil türkcəsi və Təbrizin tarixi ləhcəsi' əsas tutulur"bir dönəm bəsit bir şey var idi. Deyirdilər ki, uşağınızla farsca danışın ki, oxuya bilsin, iş tapsın və belə şeylər. Amma, artıq məsələ sadəcə farsca danışmaq deyil, sözdə üstün hesab edilən Tehran ləhcəsinin zorla öyrədildiyini görürük. Yoxsa, biz onsuz da hamımız farscanı ləhcə ilə danışırıq," Ural Hatəmi deyir.
Hatəmi dilin bir mədəni sərmayə olduğuna diqqət çəkərək əlavə edir. "Bir kültürəl sərmayə dövlətlərin əlində manipulyasiya edilərək toplumu assimilyasiya etmək və təktipləşdirmək üçün istifadə olunur. Bu durumda ailələr uşaqlarının kültürəl və sosial sərmayələri daha güclü və daha geniş olsun deyə belə şeylərə boyun əyirlər," o bildirir.
Sosioloq son yüzildə İranda türk dili üçün bir mədəni sərmayə olaraq heç bir fürsət yaranmadığını ifadə edir.
SEE ALSO: Səməd Purmusəvi: İran Azərbaycanında türk dili təhlükə altındadır və biz bunun fərqində deyilik"Türkcə üçün İranda bir kültürəl sərmayə olaraq heç fürsət yaranmayıb. Mərkəzi hökümətlər son yüzildə buna icazə verməyib. Buna imkan verilməyib ki, türkcəni yaxşı danışan biri bundan bir kültürəl sərmayə olaraq istifadə edib və həyatını inkişaf etdirsin. Onun üçün biz ailələri çox da qınamamalıyıq. Ailələr və xalqın böyük bir kəsimi bu günkü İranda daha ilkin ehtiyacları üçün mücadilə edirlər. İranda kültürəl və sosial sərmayə olaraq türkcənin iqtisadi sərmayəyə çevirilməsi əngəllənib və ailələr üçün tək bir yol qalıb, o da özlərini sadəcə farsca ilə bir yerə çatdırmaq," Ural Hatəmi bildirir.