ABŞ-ın Nyu-Cersi ştatını təmsil edən 9 konqresmen və 1 senator həbsdə olan iqtisadçı alim Qubad İbadoğlu üçün Dövlət katibi Antoni Blinkenə müraciət edib.
Bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Amerikanın Səsinə bildirib.
“Müraciətdə Azərbaycanda həbs olunmuş Rutgers Universitetinin keçmiş professoru Qubad İbadoğlunun dərhal və qeyd-şərtsiz azad olunması məqsədilə ABŞ-ın bütün diplomatik kanallarını işə salması və beynəlxalq tərəfdaşlarla sıx işləməsi üçün çağırış edilib”, o bildirib.
Your browser doesn’t support HTML5
Onun sözlərinə görə, konqresmenlər Dövlət Departamentindən Qubad İbadoğlunun həbsdən azad olunması istiqamətində görülən işlərlə bağlı hesabat tələb edib.
Qubad İbadoğlunun qardaşının sözlərinə görə, iqtisdadçı alimin səhhətində olan problemlər narahatlıqlar doğurur və bu problemlər daha da dərinləşir.
“İndi Qubad müəllim çox çətinliklə hərəkət edir. Yeriyəndə axsayır. Oturanda qalxa bilmir. Bunun üçün də Qubad bəyə fizioterapeya lazımdır. Xüsusi hərəkətlər lazımdır. Bu da təcridxana şəraitində mümkün deyil. Dəfələrlə vəkillər vasitəsi ilə müraciət eləmişik ki, Qubad müəllimin fizioterapeya alması üçün imkanlar yaradılsın. Ancaq təbii ki, bundan imtina edirlər. Bizə bununla bağlı hər hansı imkan da yaratmırlar. Bundan əlavə şəkər yüksək olanda həm böyrəkdə, gözdə və bütün daxili orqanlarda hansısa neqativ proseslərin getməsi gözləniləndir. Nə uzi müayinəsindən keçilir. Digər hər hansı bir müayinələr aparılmır. Şəkərin yüksək olması davam edir və o tənzimlənmir“, o bildirib.
Bundan əlavə ABŞ-ın Nyu-Cersi ştatını təmsil edən konqresmen Frank Pallone X (keçmiş twitter) paylaşımında Bayden Administrasiyasını Qubad İbadoğlunun azadlığını təmin etməyə çağırmağa davam edəcəyini qeyd edib.
Öz növbəsində Penitensiar Xidmətdən şərh almaq hələ mümkün olmayıb.
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.
Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri, Avropa İttifaqı, ATƏT, Avropa Parlamenti İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.