Accessibility links

Qubad İbadoğlunun hüquqlarının müdafiəsi komitəsi mətbuat konfransı keçirib


Qubad İbadoğlunun hüquqlarının müdafiəsi komitəsi mətbuat konfransı keçirib
please wait

No media source currently available

0:00 0:03:29 0:00

Oktyabrın 14-də Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının həbsdə olan sədri Qubad İbadoğlunun hüquqlarını ictimai müdafiə komitəsi mətbuat konfransı keçirib. Komitənin sədri Cəmil Həsənli çıxışında Qubad İbadoğlunun həbsinin siyasi sifariş olduğunu deyib. O qeyd edib ki, partiya sədrinin azad edilməsi üçün beynəlxalq reaksiyalar olduqca vacibdir:

Qubad İbadoğlunun hüquqlarını ictimai müdafiə komitəsinin sədri Cəmil Həsənli
Qubad İbadoğlunun hüquqlarını ictimai müdafiə komitəsinin sədri Cəmil Həsənli

"Akademik və siyasi dairələr Qubad bəyin müdafiəsi ilə bağlı çağırışlar ediblər. Amerika konqresinin üzvləri, Senatın üzvləri, Dövlət Departamenti, Britaniya Xarici İşlər Nazirliyi, Avropa Birliyi, Avropa şurası, BMT və digər beynəlxalq qurumlar Qubad bəyin qanuna zidd olaraq, saxta itttihamlarla həbs edilməsi barədə açıqlamalar veriblər. Və onun dərhal azad olunmasıyla bağlı çağırışlar ediblər".

Qubad İbadoğlunun vəkili Bəhruz Bayramov da konfransda çıxış edib. O bildirib ki, Qubad İbadoğlunun işi ilə bağlı bu günədək 20-ə yaxın məhkəmə iclası keçirilib.

Qubad İbadoğlunun vəkili Bəhruz Bayramov
Qubad İbadoğlunun vəkili Bəhruz Bayramov

"Azərbaycan Respublikası Dövlət olaraq FETÖ təşkilatını terrorçu təşkilat kimi qəbul etmir. Qubad bəyin FETÖ təşkilatı ilə heç bir əlaqəsi olmayıb, həmin təşkilatın üzvü olmayıb. Ümumiyyətlə, FETÖ təşkilatının üzvü olmaq və yaxud da onun ədəbiyyatından istifadə etmək, oxumaq heç bir cinayət məsuliyyəti yaratmır. Əgər FETÖ təşkilatı cinayətkar, terrorist bir təşkilat idisə Milli Məclis bununla bağlı qanun qəbul edib, bu təşkilatı terrorist təşkilat elan etməli idi. O halda məsuliyyətə cəlb edə bilərdilər"- vəkil bildirib.

Mətbuat konfransında müdafiə komitəsinin Qubad İbadoğlunun azad edilməsi istiqamətində atdığı addımlarla bağlı məlumat verilib. Tədbirdə iştirak edən Qalib Toğrul qardaşının səhhəti ilə bağlı narahatlıqlarının qalmaqda olduğunu deyib.

Qubad İbadoğlunun qardaşı Qalib Toğrul
Qubad İbadoğlunun qardaşı Qalib Toğrul

"Çox təəssüf ki, bugünə qədər Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Qubad bəyi yerində ziyarət etməyiblər. Baxmayaraq ki, Bakı İstintaq təcridxanasında olublar, amma onunla görüşməyiblər. Bununla bağlı, təxminən, bir aydan da çox olar ki, Beynəlxalq Qırmızı Xaç Komitəsindən mənə bildirdilər ki, biz gedirik, lakin Qubad İbadoğlu ilə görüşə bilmirik. Ona görə də, biz Penitensiar xidmətə rəsmi məktubla müraciət etmişik ki, gün və saat təyin etsinlər, həmin gün və saatda biz Qubad bəylə görüşək. Bu günə qədər görüş baş tutmayıb," o deyib.

İyulun 24-də Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir. Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG