Qəzvində Tolypers şirkətinin işçiləri 4 aydır maaş almayıb

Tolypers şirkəti - Qəzvin

Qəzvin şəhərində kimyəvi məhsullar istehsal edən Tolypres şirkətinin işçiləri aylardır maaş almayıb və sığorta haqlarından məhrum olduqlarını deyirlər.

Yarı-rəsmi İLNA (Iranian Labour News Agency) agentliyinin xəbərinə görə, bir zamanlar İranın ən məşhur istehsalat şirkətlərindən olub, hazırda iflasa doğru gedən Tolypres şirkətinin qalan işçiləri aylardır gecikən maaş, sığorta və digər hüquqlarını tələb edirlər.

Agentliyə danışan işçilərdən biri deyib ki, "illərlə iş təcrübəmiz var amma sadə bir işçi maaşına çalışırıq. Boş imzalı müqavilənin yasaq olduğuna baxmayaraq, hələ də önümüzə belə müqavilələr qoyulur. 4 ay maaş və 7 ay sığorta haqqımız gecikib."

SEE ALSO: Urmiyə sement zavodunun işçiləri ayrı-seçkiliyə etiraz edir

İşçilər çalışma şərtlərinin də bərbad olduğunu bildirib.

Onların dediyinə görə, "şirkətdə su və qaz yoxdur və ehtiyaclarımız üçün kimyəvi maddələrin təhlükəsinə rəğmən od yandırmağa məcbur qalırıq."

Agentliyə danışan işçilər məhkəmə qurumu və Qəzvin vilayətinin rəsmilərinin onların problemlərində xəbərdar olduğunu, ancaq bu günə qədər bu xüsusda heç bir iş görülmədiyini ifadə ediblər.