İranda məktəblərin açılması ilə birlikdə İran Azərbaycanında mədəni fəallar tərəfindən ənənəvi türkcə kitab paylama kampaniyaları təşkil olunur.
Sosial şəbəkələrdə Abbas Lisani Telegram kanalı kimi mənbələrin yaydığın görüntülər və xəbərlərə əsasən, Ərdəbil vilayətində türk dil haqları fəalları və Traktor komandasının azarkeşləri keçən aylarda sel fəlakətindən xəsarət almış bölgələrdə uşaqlara kitab hədiyyə ediblər.
Yayılan görüntülərdə fəalların Germi şəhərinin kəndlərində uşaqlara həmçinin çanta, rəsm dəftərləri və digər ləvazimat hədiyyə etdikləri görünür.
Fəallar kəndlərdə, o cümlədən "Ana dili, mavi dünyada" adlı türkcə kitablar paylayıblar.
Daha əvvəl də Dünya Ana Dili Günü, yeni dərs ilinin başlanması, habelə Azərbaycan Milli Hökumətinin (1945-46) ildönümü münasibətilə İran Azərbaycanının müxtəlif şəhərləri və Tehranda kitab paylama kampaniyaları təşkil olunub.
Qısa ömürlü Azərbaycan Milli Höküməti dövrü istisna olmaqla, Pəhləvilər İranda hakimiyyətə gəldikdən bəri İran Azərbaycanının məktəblərində ana dili tədris edilməyib.
İslam Respublikası dövründə rəsmilər dəfələrlə türk dilinin məktəblərdə tədris ediləcəyinə dair sözlər və açıqlamalar verib, lakin bu, əməldə heç zaman həyata keçirilməyib.
2008-ci ildən bəri Dünya Ana Dili Günü tədbirlərini təşkil edən və bu tədbirlərə qatılan yüzlərlə türk fəal nəzarət altına alınıb, eləcə də həbs və sürgün cəzaları ilə qarşılaşıb.