Sentyabrın 11-13-də Türkmənistanın Aşqabad şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) altıncı iclası keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, iclasda Azərbaycanın, İranın, Qazaxıstanın, Rusiyanın və Türkmənistanın nümayəndə heyətləri iştirak edib.
“Tərəflər Xəzər dənizində düz çıxış xətlərinin müəyyən olunmasının metodikası üzrə saziş layihəsinin müddəalarını müzakirə edib, habelə layihənin bir sıra müddəalarını razılaşdırıblar. Sözügedən sənədin müzakirəsi YSİQ-in növbəti iclasında davam etdiriləcək”, məlumatda qeyd edilir.
İclasda, həmçinin Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünə hazırlıq məsələləri müzakirə edilib.
2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb.
Konvensiyaya əsasən Xəzərin su səthində hər bir dövlətin 15 mil məsafədə milli zonası, 10 mil məsafədə balıqçılıq zonası müəyyən olunur. Qalan hissələr isə gəmiçilik və digər məqsədlər üçün ümumi istifadə üçün nəzərdə tutulur.
Sənədə görə, dənizin dibi tamamilə üzbəüz və yanakı dövlətlər üçün sektorlara bölünür. Dənizin dibindən ümumi istifadə nəzərdə tutulmur. Boru kəmərlərinin və trans xətlərin çəkilməsi ilə bağlı hüquqlar təsbit olunub. Borular və digər trans xətlər çəkilərkən hansı ölkənin sektorundan keçəcəksə, həmin ölkə ilə ikitərəfli əsasda razılaşdırılacaq.
Konvensiyaya görə, dənizlərin sektorlara bölünməsi materik və materik ərazisinin davamı olaraq adalar da nəzərə tutulmaqla aparılacaq. Ölkələrin sərhədindən, sərhədin uzunluğundan asılı olaraq, razılaşdırılmış metod əsasında bölgü aparılacaq.
Konvensiyada Xəzər dənizində gəmiçilik məsələləri, tərəflərin bir-birinə xələl gətirməyən hərbi balansının qorunması əsas götürülüb.