Sentyabrın 9-da Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və Azərbaycan-İran Birgə Komissiyanın görüşündə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan general-mayor Məhəmməd Əhədi görüşüb.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, nazir Həsənov "azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən, eləcə də Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraitindən" danışıb.
General-mayor Əhədi Azərbaycan-İran əlaqələrinin qədim tarixi köklərə söykəndiyini və mehriban qonşuluq əlaqələrinin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.
Görüşdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdən sonra Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Müdafiə Nazirliyi və İran Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərbi sahədə əməkdaşlığa dair “Birgə komissiya”nın 3-cü iclası keçirilib.
Mətbuat xidməti bildirir ki, iclasda Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan-İran birgə hərbi komissiyası bundan öncə 2020-cil fevralın 26-da Tehranda keçirilib.