Əlirza Fərşi İran kiber polis mərkəzinə çağırılıb

Əlirza Fərşi

Türk dil haqları fəalı Əlirza Fərşinin Şərqi Azərbaycan vilayətinin Mərənd şəhərindəki İran kiber polis mərkəzinə çağırıldığı bildirilir.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Abbas Lisani Telegram kanalının məlumatına görə, tanınmış fəala telefon edərək İran kiber polisinin Mərənd şəhərindəki qərargahına çağırıblar.

"Mərənd kiber polisindən telefon edərək Əlirza Fərşidən polis mərkəzində Mayor Rastiyə müraciət etməsi tələb olunub. Cənab Fərşi isə qanunsuz şəkildə çağrıldığı üçün sözügedən məkana müraciət etməyəcəyini bildirib," Abbas Lisani Telegram kanalında qeyd edilib.

Siyasi fəalın hansı səbəblərə görə polis mərkəzinə çağrıldığı bəlli deyil.

Əlirza Fərşi 3 il 3 ay həbsdən sonra keçən fevral ayında Tehranın Evin həbsxanasından sərbəst buraxılıb.

SEE ALSO: Tehran məhkəməsi siyasi məhbus Əlirza Fərşini yeni ittihamlarla mühakimə edir

O göstərdiyi fəaliyyətlər səbəbilə daha əvvəl universitet müəllimi vəzifəsindən uzaqlaşdırılıb. Fərşi Dünya Ana Dili Günü tədbirlərinə qatılmaq və türkcə kitab paylamaq kimi fəaliyyətlər səbəbilə mühakimə olunub. Onun rəhbərlik etdiyi “Kəndimiz Vəqfi” keçən illərdə İran Azərbaycanının müxtəlif bölgələrində kəndlərə türkcə kitablar hədiyyə edirdi. Həmin vəqfin fəaliyyətləri daha sonra Əlirza Fərşiyə qarşı çıxarılan hökmdə dəlil hesab edilib.