Accessibility links

Tehran prokurorluğu milli fəalın kəşfiyyat qüvvələrinə qarşı şikayətinə baxmaqdan imtina edib


Əlirza Fərşi
Əlirza Fərşi

Hazırda Tehranın Evin həbsxanasında saxlanılan türk dil haqları fəalı Əlirza Fərşi bir müddət əvvəl İranın kəşfiyyat qüvvələri və bu qüvvələrə “yardım və vasitəçilik” edən prokuror Hadi Səmədpurdan şikayət etmişdi. Tehran Ümumi və İnqilab prokurorluğu Fərşinin şikayətinə baxmağı rədd edib.

Əlirza Fərşi şikayətində “məmurların vətəndaşları təhdid və təhqir etdiyini, habelə şəxsləri qanunsuz şəkildə həbs edib gizlətdiklərini, prokurorluğun isə buna yardım və vasitəçilik etdiyini” önə çəkmişdi.

Amerikanın Səsinin surətini əldə etdiyi Tehran Vilayəti Ədliyyə İdarəsinin sənədində yazılanlara görə, Tehran Ümumi və İnqilab prokurorluğu bu şikayətə baxmaq səlahiyyətinə sahib olmadığını bildirib.

Sənəddə yazılıb ki, “aldığımız məlumata görə, ikinci sıradakı cavabdeh şəxs (prokuror Hadi Səmədpur) ilahiyyat təhsili alıb və din xadimidir. Din Xadimlərinə Məxsus Məhkəmənin nizamnaməsinə əsasən, din xadimlərinə qarşı şikayətlərə Din Xadimlərinə Məxsus Məhkəmə baxmalıdır. Həmçinin yardımçı və vasitəçilərin ittihamları da eyni məhkəmədə ələ alınmalıdır. Buna səbəblə, iddiaların doğru və ya yanlış olmasından asılı olmayaraq bu şikayətə baxmaq Ümumi və İnqilab prokurorluğunun səlahiyyətində deyil.”

Əlirza Fərşi keçən iyul ayının 21-də Behnam Şeyxi və Həmid Mənafi ilə bərabər Tehranda nəzarət altına alınaraq, Evin Həbsxanasına göndərilib. Hər üç fəal dil hüquqları uğrunda fəaliyyətləri üzündən daha əvvəl 2 il həbs və əlavə olaraq ölkənin türk əhalisi olmayan bölgələrində 2 il sürgün cəzasına məhkum edilib.

Fərşi dil hüquqları sahəsində göstərdiyi fəaliyyətlər səbəbilə dəfələrlə həbs, işdən qovulma və digər basqılara məruz qalıb.

Amnesty International 2018 fevral ayında Dünya Ana Dili Günü münasibətilə yayımladığı bəyanatda Əlirza Fərşini belə təqdim edib: “O, cəsurdur. Azlıqların hüquqlarının təmin edilməsi üçün kampaniyalar təşkil edir. İran ona qarşı çıxarılan hökmü dərhal ləğv etməlidir.”

XS
SM
MD
LG