“Ombudsman Səbinə Əliyevaya, Penitensiar Xidmətin rəhbərliyinə və Ədliyyə Nazirinə bir daha sosial media vasitəsilə müraciət edirəm: Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq ya qardaşım Qubad İbadoğlunun müayinə və analiz nəticələrinin bizə təqdim olunmasını təmin edin, ya da imkan yaradın öz hesabımıza qardaşımı həkim müayinəsindən keçirək”.
Bu barədə 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun qardaşı Qalib Toğrul bildirib.
Onun sözlərinə görə, yaxın günlərdə London həkimlərinin Qubad İbadoğluna yazdığı müalicə kursu başa çatır.
“Bundan sonra o, yenidən müayinədən keçməlidir. Qardaşım hazırda bir gündə 8 adda dərman qəbul edir. Mümkündür ki, müayinədən sonra həmin dərmanların bəzilərinin qəbulu saxlanılsın, yeniləri əlavə olunsun, dozaları azaldılsın və ya çoxaldılsın. Bunu nəzərə alaraq avqustun əvvəlində Bakı İstintaq Təcridxanasının (Kürdəxanı) rəhbərliyinə, Penitensiar Xidmətə, Ədliyyə Nazirliyinə və İnsan Hüquqları üzrə Ombudsmana Qubad İbadoğlunun təcridxanada aparılmış USM, EKQ, Rentgen müayinələrinin və qanın, sidiyin və qalxanabənzər vəzin hormonal analizlərinin nəticələrini əldə etmək üçün rəsmi müraciət etmişdik ki, nəticələri Londonadakı həkimə təqdim edək. Təxminən 1 aydan sonra sorğumuza Bakı İstintaq Təcridxanasının Tibb-Sanitar Hissəsinin rəisi Rəşad Hüseynov ümumi sözlərlə (qanda şəkərin miqdarı, arterial təzyiq bir qədər yüksəkdir və sair) cavab verib, müayinə və analiz nəticələrinin təqdim etmək məsələsinin üstünə də gəlməyib. Təsəvvür edin ki, “Məhkumun tibbi kitabçasından çıxarış” adlanan cavabda konkret bir tibbi göstərici belə yoxdur. Digər bir məsələ. Məktubun sonunda, imzadan aşağıda “09.08.2023” tarixi qoyulub. Bunlar bilmirlər ki, onların bu yalanını məktubun poçta qəbulu zamanı konvertin üzərinə möhürlə vurulmuş həqiqi tarix (24.08.2023) faş edir. Poçt məktubu 24 avqustda qəbul edib, 28 avqustda isə bizə çatdırıb”, o, Facebook səhifəsində qeyd edib.
Bununla yanaşı, Amerikanın Səsinin Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən, Ombudsman Aparatından Qalib Toğrulun yazdıqları ilə bağlı şərh alması hələ mümkün olmayıb.
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.
Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiiham üzrə onu 17 ilədək həbs gözləyir.
Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.